Körpələrdə tez-tez müşahidə olunan hıçqırıq əksər hallarda narahatlıq doğurmasa da, uzun sürməsi valideynləri təşvişə salır.
Sherg.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, hıçqırıq diafraqma əzələsinin ritmik şəkildə yığılması nəticəsində yaranır. Ana bətnində olarkən belə hıçqırmağa başlayan körpələr yeni doğulduqları dövrdə vaxtlarının təxminən 2 faizini hıçqırmaqla keçirirlər.
Həkimlər bildirirlər ki, körpələrin həddindən artıq qidalanması və ya əmərkən hava udması diafraqmanı qıcıqlandıraraq hıçqırığa səbəb ola bilər. Araşdırmalara görə, körpələr orta hesabla 4-5 dəqiqə hıçqıra bilirlər.
Mütəxəssislər qeyd edirlər ki, hıçqırıq adətən təhlükəli deyil və bir neçə dəqiqə ərzində öz-özünə keçib gedir. Bununla belə, körpənin tez-tez hıçqırması qidalanma zamanı çox hava udduğunu və ya bəzi hallarda reflü kimi həzm problemlərinin mövcudluğunu göstərə bilər.
Valideynlərə körpənin hansı hallarda hıçqırdığını müşahidə etmək, qidalandırdıqdan sonra qazını çıxarmaq və biberonla qidalanan uşaqlarda istifadə olunan biberonun uyğunluğuna diqqət yetirmək tövsiyə olunur.
Həkimlər vurğulayırlar ki, əgər hıçqırıq hər dəfə qusma ilə müşayiət olunursa və ya körpənin nəfəs almasına təsir edirsə, mütləq pediatra müraciət edilməlidir.