Latviyada alimlər sakinlərə küçələrdə tutulan siçovulları laboratoriya araşdırmaları üçün elmi müəssisələrə təhvil verməyi tövsiyə ediblər.
Sherg.az xəbər verir ki, təşəbbüsün əsas məqsədi şəhərlərdə təhlükəli infeksiyaların, xüsusilə leptospirozun yayılmasına nəzarət etməkdir. Ötən il aparılan monitorinq zamanı tədqiq edilən vəhşi siçovulların 34 faizində leptospira bakteriyası aşkarlanıb.
BIOR elmi institutunun direktoru Olqa Valtsinya bildirib ki, siçovul və siçanlar zirzəmilərdə, tullantı konteynerlərinin ətrafında və ərzaq ehtiyatlarının yaxınlığında dolaşaraq müxtəlif xəstəliklərin yayılmasına səbəb olur.
Alimlərin sözlərinə görə, sakinlərdən toplanan nümunələr infeksiyaların yayılmasını vaxtında müəyyənləşdirməyə və şəhərlərdə deratizasiya tədbirlərinin daha səmərəli planlaşdırılmasına kömək edəcək.
Mütəxəssislər siçovulların qoruyucu əlcəklərlə toplanmasını və bir neçə möhkəm paketə yerləşdirilməsini tövsiyə edirlər. Heyvanların poçt paketomatları vasitəsilə göndərilməsi isə qəti şəkildə qadağandır.