Şahbaz Xuduoğlu: "Səhiyyə sistemi müalicə yox, hüquq-mühafizə mexanizminə çevrilir”
“Martın 4-də məhkəmə olacaq. Biz məhkəməyə hazırlaşırıq”.
Bunu “Sherga.az”a açıqlamasında “Qanun” Nəşriyyatının direktoru, ictimai xadim Şahbaz Xuduoğlu bildirdi. Qeyd edək ki, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli bu ilin yanvar ayında “Liv Bona Dea” Hospitalında əməliyyat olunub. Nigar xanım əməliyyatdan sonra özünə qarşı olan diqqətsizlik, ağrılarına qarşı tibbi personal tərəfindən lazımi müdaxilənin edilməməsi, üstəlik kobud rəftarla qarşılaşması barədə özünün sosiai şəbəkə hesabında paylaşım etmişdi. Ş.Xuduoğlu qeyd etdi ki, N.Köçərli “Liv Bona Dea”-dan şikayətçi olduğu halda Hospital onu məhkəməyə verdi:
- “Liv Bona Dea”da belə qənaətə gəlinib ki, bu paylaşımla onların işgüzar nüfuzuna xələl gətirilib. Buna görə də Nigar xanımı məhkəməyə veriblər. Martn 4-də məhkəmə iclası olacaq. Ona hazırlaşırıq. Bizim Hospitala qarşı məhkəmə iddiamız hələ ki yoxdur. Nigar xanım üzləşdiyi diqqətsizliklə bağlı paylaşım etmişdi. Nigar xanım onlara qarşı məhkəmə iddiası qaldırmalı olduğu halda onlar bizi məhkəməyə verib.
Ş.Xuduoğlu qeyd etdi ki, ictimai imicini və işgüzar nüfuzunu düşünən bir xəstəxana ilk növbədə insanı düşünməlidir:
- Bir xəstəxana pasiyentini məhkəməyə verərək ondan 222.395 manat tələb edirsə, bu artıq tibbi deyil, ictimai və mənəvi məsələdir. Pasiyent narazılıq ifadə edibsə, onu yüz minlərlə manatlıq iddia ilə susdurmağa çalışmaq yox, onu dinləmək, səbəbi araşdırmaq və yardım etmək yolu seçilməlidir. Xəstəxana hüquq bürosu deyil. Onun gücü məhkəmə qərarlarında deyil, pasiyentə göstərdiyi qayğıdadır. Əgər hər bir narazılıq məhkəmə iddiası ilə cavablandırılacaqsa, onda səhiyyə sistemi müalicə sistemi yox, hüquq-mühafizə mexanizminə çevrilmiş olar. İctimai imic məhkəmə sənədləri ilə deyil, insanlara münasibətlə formalaşır.