“...Müəyyən qapanmalara gedilə bilər” 

“Yoluxma sayında artımın əsas səbəbi vətəndaşların məsuliyyətsizliyidir”


Son günlər ölkəmizdə koronavirusa yoluxma və ölüm sayında ciddi artım baş verir. Məsələn, dünən 3069  nəfər COVİD-19-a yoluxub, 29 nəfər isə vəfat edib. Mütəxəssislərin fikrincə, vətəndaşlarda yaranan arxayınlıq, gigiyena qaydalarına əvvəlki kimi əməl edilməməsi nəticəsində yoluxma sayı artır. Ağır vəziyyətdə reanimasiyaya düşənlərin, habelə ölüm hallarının sayında ciddi artım var. Ölkəmizdə koronavirusa yoluxanların 94 faizində "delta" ştamı aşkarlanıb.

Həkim-allerqoloq Şahvələd Məmmədov “Sherg.az”a bildirib ki, pandemiya ölkəmizdə hələ ki, pik həddə çatmayıb:

“Azərbaycan hazırda koronavirusun 3-cü dalğasını yaşayır. Qonşu Gürcüstanda vəziyyət lap kritikdi. “Delta” ştammı ölkəmizdə yayılmazdan qabaq vətəndaşlara xəbərdarlıq edirdik. Çünki bu ştamm olduqca sürətlə yayılır. Şadlıq və mərasim evləri açıldıqdan sonra insanların kütləvi toplandıqları yerdə xəstəlik yayılmağa başladı. Təbii ki, gedişatdan çox şey asılıdır. Ona görə də vəziyyət lap pis olarsa, müəyyən qapanmalara gedilə bilər”.

Həkimin sözlərinə görə, yoluxma sayında artımın əsas səbəbi vətəndaşların məsuliyyətsizliyidir:

“Nə qədər tibbi maska taxılmasını və sanitar-gigiyena qaydalarına əməl edilməsini söyləsək də, hələ buna ciddi riayət etməyənlər var. Hətta vətəndaşların 40-50 faizi ümumiyyətlə, qaydalara əməl etmir. Ona görə də belə bir mənzərənin şahidiyik”.

Ş.Məmmədov vaksinasiya prosesinin də önəmli olduğunu vurğuladı:

“Bəzən vaksin vurulmasına qeyri-ciddi və şübhəli yanaşırlar, saxta vaksin sənədi alırlar. Bu, çox təəssüfləndirici haldır. Xəstələrin 97 faizi vaksinasiya vurdurmayanlardır. Ona görə də ilk növbədə vaksinasiyanı sona çatdırmaq lazımdır. Çünki bu proses tamamlanmamış vəziyyət ağır olacaq”.