Son günlər ölkədə Suçiçəyi ilə bağlı narahatlıqlar artmaqdadır. Xəstəlik bəzi insanlarda yüngül keçsə də, bəzi hallarda daha ağır fəsadlara səbəb ola bilir. Payız, qış və yaz aylarında daha çox rast gəlinən bu xəstəlik xüsusilə 1 yaşdan kiçik uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün risklidir.
Mütəxəssislərin fikrincə, yoluxma daha çox sıx məskunlaşmış ərazilərdə baş verir və bəzi hallarda xəstəlik ağırlaşmalarla nəticələnə bilər. Ən effektiv qorunma üsulunun isə peyvənd olunmaq və sosial məsafəni qorumaq olduğu qeyd edilib.
Pediatr Xatirə Alxasova sherg.az-a bildirib ki, suçiçəyi mövsümi xarakter daşıyır, adətən ciddi müalicə tələb etmir və simptomatik müalicə ilə öz-özünə sağalır:

"Lakin immun sistemi zəif olan uşaqlarda, xroniki xəstəlikləri olan yaşlı şəxslərdə və peyvənd olunmayan insanlarda xəstəlik daha ağır formada keçə bilər".
Pediatr qeyd edib ki, xəstələrin nə qədər müddət yoluxucu olması tez-tez müzakirə olunan məsələdir:
" Cəmiyyətdə belə bir fikir var ki, suçiçəyi keçirən şəxs 21 gün karantində qalmalıdır. Əslində isə bu, belə deyil. Əgər xəstənin səpkiləri quruyub qartmaq bağlayıbsa, o artıq yoluxucu hesab olunmur və kollektivə qayıda bilər. Əgər daha əvvəl suçiçəyi keçirməmiş bir şəxs, səpkiləri hələ qurumamış xəstə ilə təmasda olubsa, həmin şəxs 21 gün ərzində xəstəliyə yoluxa bilər. Yəni səpkiləri qurumuş şəxsin 21 gün evdə qalmasına ehtiyac yoxdur. Səpkilərin tam quruması üçün orta hesabla 7–10 gün vaxt tələb olunur".