- Pediatrdan valideynlərə xəbərdarlıq edir ki, qarpız və yemiş məsələsində ehtiyatı əldən verməyin
Bu yay qarpızdan zəhərlənmə hələ ki olmayıb. Azərbaycan Qida Təhülkəsizliyi Agentliyinin məlumatına görə, 2026-cı ilin yay mövsümündə Azərbaycanda qarpız istehlakı ilə əlaqəli təsdiqlənmiş zəhərlənmə halı qeydə alınmayıb.
Məlumatda bildirilir ki, yay mövsümündə qarpız istehlakından sonra zəhərlənmə şübhəsi ilə bağlı Agentliyə daxil olan müraciətlər araşdırılıb, lakin qarpız istehlakı ilə əlaqəli zəhərlənmə halı təsdiqlənməyib. Bununla belə AQTA vətəndaşları ehtiyatlı olmağa çağırır. Məlumatda qeyd olunur ki, əvvəllər qarpız iyul-avqust aylarında yetişirdi. Lakin hazırda əkinçilik vərdişləri dəyişdiyinə, tez yetişən sortlar yaradıldığına, istixanalarda və əkin sahələrində daha müasir aqrotexniki üsullar tətbiq olunduğuna görə məhsul iyun ayında da yetişir. Məhsulun vaxtından tez yetişməsi onun keyfiyyətinin pis olması demək deyil. Burada əsas diqqət yetirilməli məqam qarpızın yetişdirilməsində gübrələrdən və pestisidlərdən düzgün istifadə edilməsidir. Gübrə növləri və pestisidlər vaxtında və düzgün tətbiq edilməyəndə məhsulun böyüməsinə və məhsuldarlığına səmərəli təsir göstərmir. Məhsulun tərkibində nitrat, nitrit və yaxud pestisid qalıqlarının miqdarının çox toplanması qarpızın keyfiyyətinin pisləşməsinə və hətta zəhərlənmələrə belə səbəb ola bilər. Qarpız kəsildikdə içərisindəki kütlənin yumşaq, damarlarının qabarıq gözəçarpan şəkildə olması nitratın miqdarının normadan artıq olmasının göstəricisidir. Bu hal istər tez, istərsə də gec yetişən məhsullarda ola bilər. Buna görə də, zəhərlənmə hallarının qarşısının alınması üçün qarpızın düzgün şəkildə yetişdirilməsinə diqqət yetirmək lazımdır. Həmçinin zəhərlənmə hallarından sığortalanmaq üçün kəsiləndən sonra qarpızın qaydalara uyğun saxlanmasına riayət edilməlidir. Qarpız da, yemiş də kəsilən gün istehlak olunmalıdır. Əgər kəsilmiş qarpız soyuducuda saxlanırsa müvafiq rejimdə olmalı, üzəri qida üçün nəzərdə tutulan plastik örtüklə kip örtülərək, soyuducunun meyvə-tərəvəz üçün nəzərdə tutulan bölümündə saxlanmalıdır. Kəsilmiş qarpız növbəti günə qaldıqda isə mütləq şəkildə həmin hissənin üst səthi nazik qat şəklində kəsilib kənarlaşdırılmalıdır.
Həkim-pediatr Vaqif Qarayev Sherg.az-a bildirdi ki, yay mövsümündə qarpızdan zəhərlənmə halının olmaması xəbərindən çox sevindi:
- AQTA-nın məlumatına görə 6 ay ərzində ölkədə qarpızdan zəhərlənmə olmayıb. Bu xəbərə sevindim. Amma deyim ki, mədə-bağırsağın funksional pozğunluğu başqadır, zəhərlənmə tam başqa. Zəhərlənmə ciddi problemdir. Funksional pozğunluqlar isə kifayət qədərdir. Hər bir qarın ağrısı, mədə-bağırsaq pozuntusu, ishal zəhərlənmə demək deyil. Zəhərlənmənin təsdiqlənməsi üçün dəqiq analizlər aparılmalıdır. Funksional pozğunluq isə orqanın və ya sistemin toxumasında heç bir struktur, yəni zədə və ya fiziki xəstəlik tapılmadan, onun işləmə mexanizminin pozulmasıdır. Bu zaman analizlər və müayinələr təmiz çıxır, lakin insan real ağrı və ya narahatlıq hiss edir. Qıcıqlanmış bağırsaq sindromu və ya mədə pozğunluğu yaranır. Qarın ağrısı, qusma və ishal funksional pozğunluq ola bilər, lakin bu diaqnoz yalnız digər bütün ciddi fiziki və infeksion xəstəliklər istisna edildikdən sonra qoyulur.
V.Qarayev valideynlərə uşaqlara qarpız, yemiş verərkən yenə də ehtiyatlı olmağı tövsiyə etdi.