“Qəfləti ölüm sindromu var, amma peyvənd təhlükəli deyil” - Vaqif Qarayev izah edir

"Necə eləyək, uşaqları peyvəndisz saxlayıb ölümünü gözləyək, yoxsa vaxtında peyvəndlə qoruyaq balaları?"

Goranboyda 1 yaşlı uşağın ölüm səbəbi bilinmir. Körpənin Yuxarı Ağcakənd tibb məntəqəsində peyvənd vurulduqdan sonra vəfat etməsi haqqında ehtimal yayılıb. Lakin Goranboy Rayon Xəstəxanası bunu təsdiqləmir. Xəstəxananın açıqlamasında qeyd edilir ki, körpə yaşına uyğun olaraq rutin profilaktik müayinədən keçirilib və Milli peyvənd təqviminə əsasən ona 6 komponentli peyvəndin, həmçinin pnevmokok infeksiyasına qarşı peyvəndin 2-ci dozası tətbiq edilib. Peyvənddən sonra azyaşlı müəyyən olunmuş müddət ərzində tibbi müşahidə altında saxlanılıb, hər hansı kəskin allergik reaksiya, anafilaktik əlamət və ya digər klinik dəyişiklik qeydə alınmayıb. Gün ərzində uşağın səhhəti ilə bağlı narahatlıq müşahidə edilməyib. Ertəsi gün saat 13:10 radələrində Goranboy rayonunun Yuxarı Ballıqaya kəndindən təcili tibbi yardıma çağırış daxil olub. Təcili tibbi yardım briqadası saat 13:25-də Şəfəq-Qaraçinar ərazisində çağırış edən şəxslərlə qarşılaşıb və 2025-ci il təvəllüdlü azyaşlının ölüm faktını təsdiq edib. O da qeyd edilib ki, hadisənin zaman intervalı və klinik gedişi anafilaktik reaksiyanın tipik xüsusiyyətlərinə uyğun deyil. Anafilaktik reaksiyalar adətən peyvənd tətbiqindən sonra bir neçə dəqiqə - ən gec bir neçə saat ərzində inkişaf edir və kəskin klinik əlamətlərlə müşayiət olunur. Mövcud məlumatlara əsasən ölüm hadisəsinin anafilaktik reaksiya ilə əlaqəsi təsdiq olunmur. Hazırda fakt üzrə müvafiq qaydada araşdırma davam edir və yekun rəy məhkəmə-tibbi ekspertizanın nəticələrindən sonra açıqlanacaq.

Pediatr Vaqif Qarayev isə bu fikirdədir ki, səbəbi bilinməyən ölüm faktı ilə bağlı ehtimalın irəli sürülməsi valideynlər arasında panikaya səbəb olur, onsuz da peyvəndlənməyə xor baxanların imtina üçün əllərinə bəhanə düşür. Həkim “Sherg.az”a açıqlamasında bildirdi ki, südəmər yaşda "qəfləti ölüm sindromu" deyilən bir nəsnə var: 

- Yəni praktik sağlam uşaq yuxuda qəflətən ölür, gündüz həkim müayinəsindən keçmiş və heç bir problem aşkarlanmamış uşaq bir neçə saatdan sonra yuxuda həyatını itirir. Ədəbiyyatda hipotetik olaraq müxtəlif səbəblər göstərilir: yarımçıqdoğulma, ananın yeniyetmə yaşında olması, hamilə vaxtı alkoqol və siqaretdən istifadə və s. Gələk peyvəndə. Dünyada peyvənd təqvimi deyilən bir şey var, bizdə də var və olmalıdır. Baxın, indi uşaqlar arasında qızılca və göyöskürək yayılıb. Hamısı peyvəndsiz uşaqlardır. İki il əvvəl qızılcanın epidemiyası vardı. Hər həftə ölüm halları barədə məlumat oxuyurduq. Necə eləyək, uşaqları peyvəndisz saxlayıb ölümünü gözləyək, yoxsa vaxtında peyvəndlə qoruyaq balaları? Şəxsən mən praktik fəaliyyət göstərdiyim uzun illər ərzində peyvənddən uşaq ölümlərinə şahid olmamışam.