Qısa videolar və süni intellektdən çox istifadə düşünmə qabiliyyətini zəiflədir - Nevroloq

Qısa videoların davamlı izlənilməsi və süni intellektdən həddindən artıq istifadə diqqətin dağılmasına, zehni yorğunluğa və dərin düşünmə qabiliyyətinin zəifləməsinə səbəb olur.

Sherg.az xəbər verir ki, bu barədə nevroloq İrina Preobrajenskaya bildirib.

Onun sözlərinə görə, problem videoların qısa olmasında deyil, insanın mənasız və emosional yüklü məzmuna həddindən artıq məruz qalmasındadır. Bu isə beyni yorur, narahatlığı artırır və uzun mətnlərə, mürəkkəb tapşırıqlara diqqəti saxlamağı çətinləşdirir.

Həkim qeyd edib ki, böyüklər qısa məzmundan uzaqlaşmaqla diqqəti bərpa edə bilərlər. Lakin uşaqlarda həddindən artıq rəqəmsal məzmun istehlakı uzunmüddətli diqqət və dərin düşünmə bacarıqlarının tam formalaşmasına mənfi təsir göstərə bilər.

Ekspert həmçinin bildirib ki, süni intellekt məlumat əldə etmək və işləmək üçün faydalı vasitədir. Ancaq insan real ünsiyyəti tamamilə süni intellektlə əvəz etdikdə bu, psixoloji asılılıq riskini artırır. O, zehni sağlamlığı qorumaq üçün rəqəmsal məzmundan ölçülü istifadəni, kifayət qədər yuxunu, fiziki aktivliyi və sosial ünsiyyəti tövsiyə edib.