Qızılca yenidən geniş yayılır: Peyvəndsizlər əsas risk qrupundadır

Pediatr açıqlayıb ki, peyvəndlə bağlı yanlış düşüncələr ciddi fəsad yaradır

“Qızılca virus infeksiyası artıq bir neçə dəfədir ki geniş vüsət alır. Mütləq peyvəndləmədə olan boşluqlara nəzər salınmalıdır”.

Bu barədə Sherg.az-a açıqlamasında pediatr Aytən İsmayılova məlumat verib. 

Pediatr bildirib ki, birinci dozanın bir yaşda edilməli olduğuna baxmayaraq ya valideyn uzadır, ya həkimlər:

“İkinci dozaya qədər olan interval çox olduğundan arxayın şəkildə uzadırlar. Bu ciddi virusdur və ciddi ağırlaşmaları olan xəstəlikdir. Hesab etməyin ki elə tutdu -sağaldı. Burda immunitetdə ciddi şəkildə çöküş baş verir və heç kim nəticədə baş verənlərdən sığortalı deyil.

Xəstəlik səbəbi peyvəndsiz olan böyük uşaqlardır, daha çox həyati risk daşıyanlar isə peyvənd yaşına çatmayan körpələr”.

Pediatr qeyd edib ki, bir doza alanlarda müdafiə tam formalaşmır. İkinci doza məktəb başlamamış edilməlidir:

“Çox uşaqda görürük ki 6 yaş tamam olub ,uşaq məktəbə gedir valideyn isə hələ fikirləşir: görəsən ikinci dozanı etdirim ya yox? Mənə belə zənglər çox gəlir. Görün ki, nə qədər uşaq peyvənddən kənarda qalır və xəstəxanalarda qızılca ilə yatan uşaqların sayı artır. Bağçalara birinci doza ilə qəbul aparılmalıdır. Birinci sinfə qəbulda mütləq ikinci doza qızılca peyvəndi olmalıdır və iki peyvənd arasında interval qısaldırmalıdır”.

A. İsmayılovanın sözlərinə görə, uşaqlar arasında yayılmış olan psixonevroloji pozuntuların peyvəndlə heç bir əlaqəsi yoxdur, hamiləlikdən hətta ondan da öncədən qaynaqlanır və getdikcə də artan istiqamətdə gedəcək.