ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri demensiya və digər neyrokoqnitiv pozuntuları olan şəxslər üçün xüsusi “Musiqi Muzeyi” proqramı hazırlayıb.
“Frontiers in Neurology” jurnalında dərc olunacaq araşdırmaya görə, canlı konsertlər və musiqi haqqında maarifləndirici təqdimatlardan ibarət proqram iştirakçıların əhval-ruhiyyəsini yaxşılaşdırıb, sosial əlaqələrini gücləndirib və zehni fəaliyyətini stimullaşdırıb.
Proqram çərçivəsində iştirakçılar caz, bossa nova, barokko və digər janrlarda musiqilər dinləyib, əsərlərin tarixi və mədəni konteksti ilə tanış olub. Tədbirlərdən sonra təşkil olunan görüşlər isə insanların bir-biri ilə ünsiyyət qurmasına şərait yaradıb. Tədqiqat iştirakçıları proqramın onlara rahatlıq, sevinc və birlik hissi bəxş etdiyini bildirib.
Mütəxəssislər qeyd edir ki, musiqi demensiya xəstələrində yaddaşın aktiv qalmasına, emosiyaların tənzimlənməsinə və tənhalıq hissinin azalmasına kömək edir. Saglamolun.Az