Qurban ətini doğru bişirməyin 5 QIZIL QAYDASI

Qurban Bayramı süfrələrinin ən əsas qidası olan ət düzgün hazırlanmadıqda həm sağlamlığa, həm də həzm sisteminə mənfi təsir göstərir.

Sherg.az xəbər verir ki, türk diyetoloq Dilek Çiçek kurban ətinin düzgün bişirilmə qaydalarını açıqlayıb və sağlam qidalanma üçün vacib məsləhətlər verib.

1. Əti 24 saat dinləndirin

Qurban əti kəsildikdən dərhal sonra bişirilməməlidir. Ən azı 24 saat soyuducuda saxlanıldıqdan sonra istifadə olunması tövsiyə edilir. Bu proses ətin həm daha yumşaq, həm də daha asan həzm olunmasını təmin edir.

2. Qızartma əvəzinə haşlama və ya qril seçin

Yüksək istilikdə yağda qızartma (qovurma) sağlamlıq baxımından tövsiyə edilmir. Xüsusilə kərə yağı və quyruq yağı ilə yüksək temperaturda bişirmə zamanı kanserogen maddələr yaranır. Ən sağlam üsullar haşlama, sobada bişirmə və ya qril hesab olunur.

3. Manqalda düzgün məsafəyə diqqət edin

Əgər ət manqalda bişirilirsə, kömür tam köz halına gəldikdən sonra bişirməyə başlanmalıdır. Ət ilə od arasında ən azı 15 sm məsafə saxlanmalıdır ki, həm zərərli tüstü azalsın, həm də qida dəyəri qorunsun.

4. Buxarda bişirməyə üstünlük verin

Ətin qida dəyərini maksimum qorumağın ən yaxşı üsullarından biri buxarda bişirmədir. Bu metod həm vitamin və mineralların itirilməsinin qarşısını alır, həm də yeməyin daha yüngül və asan həzm olunmasını təmin edir.

5. Baharatlardan istifadə edin

Kəkikotu, rozmarin, kimyon və qırmızı bibər kimi ədviyyatlar həm ətin dadını artırır, həm də həzmi asanlaşdırır. Eyni zamanda antioksidant təsir göstərərək orqanizmə əlavə fayda verir.

Sağlamlıq üçün vacib qeyd

Çox təzə və dinlənməmiş ət həm bişirmə, həm də həzm zamanı çətinlik yaradır. Xüsusilə mədə-bağırsaq problemi olan şəxslərin əti mütləq dinləndirərək istehlak etməsi tövsiyə olunur.

Ət soyuducuda 0–2°C temperaturda 3-5 gün, dərin dondurucuda isə -18°C-də təxminən 3 ay saxlanıla bilər.

Gündəlik ət miqdarı nə qədər olmalıdır?

Mütəxəssislərə görə, qurban bayramında belə ət istehlakı normadan artıq olmamalıdır:

Qadınlar üçün: 100-120 qram

Kişilər üçün: 150-180 qram

Ətin yanında mütləq tam taxıllar (bulqur, qarabaşaq, kəpəkli düyü) və təzə tərəvəzlərin qəbul edilməsi balanslı qidalanma üçün vacibdir.