Son dövrlərdə Avropada yüksək patogenliyə malik quş qripi hallarının ciddi şəkildə artması fonunda Türkiyə də bu sahədə profilaktik tədbirləri gücləndirir.
Sherg.az xəbər verir ki, yeni qərara əsasən, toyuq və digər qanadlı heyvanların açıq yerlərdə, eləcə də məhəllə bazarlarında satışı və sosial media vasitəsilə ticarəti məhdudlaşdırılacaq.
Bu istiqamətdə valiliklər, icra hakimiyyətləri və bələdiyyələrlə birgə iş aparılacaq.
Bundan əlavə, sosial şəbəkələrdə həyata keçirilən qanadlı heyvan satışlarının qarşısını almaq üçün regionlarda müvafiq qurumlar tərəfindən yoxlamalar gücləndiriləcək. Xüsusilə baytarlıq nəzarət-keçid məntəqələrində ölkə üzrə qanadlı heyvanların və onların məhsullarının daşınmasına nəzarət artırılacaq.
Kəsim üçün nəzərdə tutulan “çıxma” toyuqların emalı ilə məşğul olan müəssisələrdə ciddi yoxlamalar aparılacaq, qeydiyyat sənədləri araşdırılacaq və kəsimə gətirilən toyuqların həqiqətən kəsilib-kəsilmədiyi nəzarətdə saxlanılacaq.
Eyni zamanda, vəhşi təbiət də daxil olmaqla, kənd təsərrüfatı və meşə təsərrüfatı idarələri, eləcə də milli parklar tərəfindən daxil olan məlumat və siqnallar operativ şəkildə qiymətləndiriləcək, qabaqlayıcı tədbirlər əvvəlcədən planlaşdırılacaq.
Sosial mediada satışlar nəzarətə götürülür
Hazırda sosial şəbəkələrdə toyuq, ördək, qaz və digər qanadlı heyvanların satışına tez-tez rast gəlinir. Yumurta dövrünə çatmış cavan toyuqlardan (piliç) tutmuş, kəkliklərə qədər müxtəlif növ heyvanlar onlayn platformalar vasitəsilə ölkə üzrə müştərilərə çatdırılır. Alıcılar isə bu heyvanları çox vaxt qapıda ödəniş yolu ilə əldə edə bilirlər.