- Süni intellekt alətlərini əsas mənbə kimi seçənlərin payı isə cəmi 18 faiz olub
27 ölkədə aparılan genişmiqyaslı araşdırma göstərib ki, insanlar sağlamlıq və sağlam həyat tərzi ilə bağlı qərarlar qəbul edərkən ən çox tibb mütəxəssislərinin tövsiyələrinə güvənirlər.
Sherg.az xəbər verir ki, PwC tərəfindən 27 ölkədə 21 min 808 nəfərin iştirakı ilə keçirilən "Consumer Voice 2026: Sağlam Həyatın Yüksəlişi" araşdırmasına əsasən, respondentlərin 57 faizi sağlamlıqla bağlı qərarlarda həkim və digər səhiyyə mütəxəssislərini ən etibarlı mənbə hesab edir.
Sorğu iştirakçılarının 52 faizi öz araşdırmalarına, 50 faizi ailə üzvləri, dostlar və iş yoldaşlarının fikirlərinə, 27 faizi isə mobil tətbiqlər və geyilə bilən cihazların təqdim etdiyi məlumatlara etibar etdiyini bildirib. Süni intellekt alətlərini əsas mənbə kimi seçənlərin payı isə cəmi 18 faiz olub.
Araşdırma həmçinin göstərib ki, respondentlərin 69 faizi mütəmadi olaraq ən azı iki sağlam həyat vərdişinə əməl edir. İştirakçılar sağlam qidalanma, keyfiyyətli yuxu, stressin idarə olunması və vitamin-tərkibli məhsulların istifadəsinə daha çox üstünlük verirlər.