Yeni araşdırmalar göstərir ki, uzun müddət oturmaq- hətta müntəzəm idman edən insanlarda belə Alzheimer xəstəliyi, idrak qabiliyyətinin zəifləməsi və beyin həcminin azalması ilə əlaqəli ola bilər.
Sherg.az xəbər verir ki, alim Marissa A. Gogniat rəhbərliyi ilə aparılan 7 illik araşdırmada 400-dən çox yaşlı iştirakçı izlənilib. Nəticələr göstərib ki, daha çox oturan insanlarda, xüsusilə APOE-e4 geninə sahib şəxslərdə, beyin funksiyalarında daha sürətli zəifləmə və bəzi beyin bölgələrində kiçilmə müşahidə olunur.
Tədqiqatçıların sözlərinə görə, fiziki aktivlik vacib olsa da, uzun müddət hərəkətsiz qalmaq idmanın faydasını qismən zəiflədə bilər və bu, Alzheimer riskinə müstəqil təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, oturmaq zamanı görülən fəaliyyət də önəmlidir: kitab oxumaq kimi zehni aktivliklər müsbət təsir göstərə bilər, lakin uzun müddət televizor qarşısında oturmaq eyni faydanı vermir.
Alimlər vurğulayırlar ki, beyin sağlamlığını qorumaq üçün əsas məqsəd tam hərəkətsizlikdən qaçmaq və gün ərzində oturma müddətlərini tez-tez fasilələrlə bölməkdir.