ABŞ-li alimlər süni intellektdən istifadə edərək laboratoriyada çoxala bilən 16 yeni virus hazırlayıblar. Sherg.az xəbər verir ki, tədqiqatın nəticələri "Science" jurnalında dərc olunub.
Məlumata görə, Stanford Universiteti, Massaçusets Texnologiya İnstitutu (MIT) və Harvard Universitetinin Broad İnstitutunun tədqiqatçıları süni intellekt vasitəsilə təbiətdə mövcud olmayan, lakin funksional viruslar yaradıblar. Alimlər təxminən 300 genomu kimyəvi yolla sintez edərək laboratoriyada sınaqdan keçirib və onlardan 16-sının yaşaya bildiyini müəyyən ediblər.
Bildirilir ki, bu viruslar yalnız bakteriyaları yoluxduran bakteriofaqlardır və insanlar üçün təhlükə yaratmır. Araşdırma çərçivəsində ilk dəfə tam genom xəritəsinin süni intellekt tərəfindən hazırlanması elmdə mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
Stanford Universitetinin tədqiqatçısı Brayan Hie bildirib ki, bu, generativ süni intellektin mürəkkəb bioloji sistemlərin layihələndirilməsində yeni mərhələyə keçdiyini göstərir.
Araşdırmada istifadə olunan Evo1 və Evo2 adlı süni intellekt modelləri böyük dil modellərinə bənzər prinsiplə işləyərək genetik kodlar üzərində təlim keçib. Sonradan modellər yalnız müəyyən bakteriya növlərini yoluxduran virusların hazırlanması üçün optimallaşdırılıb.
Tədqiqatçılar seçdikləri 302 süni intellekt dizaynını laboratoriyada sintez edib. Onlardan 16-sı E. coli bakteriyalarını məhv etməkdə effektiv nəticə göstərib.
Bununla yanaşı, mütəxəssislər süni intellekt vasitəsilə virusların hazırlanmasının gələcəkdə bio-təhlükəsizlik baxımından ciddi risklər yarada biləcəyi barədə də xəbərdarlıq ediblər. Onların fikrincə, texnologiya xəstəliklərin müalicəsində yeni imkanlar açsa da, təhlükəsizlik mexanizmlərinin paralel şəkildə gücləndirilməsi vacibdir.