İzmir Katip Çələbi Universitetinin Tibb Fakültəsinin Yoluxucu xəstəliklər kafedrasının müəllimi, professor Alper Şener bildirib ki, havaların kəskin istiləşməsi fonunda xüsusilə 5 yaşdan aşağı uşaqlar və 65 yaşdan yuxarı insanlar az su içdikləri üçün “saxta infeksiya” əlamətləri ilə xəstəxanalara müraciət edirlər.
Sherg.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, susuzluq bədəndə hərarət yüksəlməsi, əzələ və oynaq ağrıları, ürəkbulanma və halsızlıq kimi infeksiya ilə qarışdırıla bilən simptomlar yaradır. Bu isə bəzi hallarda lazımsız antibiotik və əlavə tibbi müayinələrə səbəb olur.
Professor vurğulayıb ki, normal şəraitdə gündəlik su tələbatı təxminən 1,5-2 litr olsa da, isti havalarda bu miqdar daha da artırılmalıdır. Xüsusilə yaşlı insanların maye qəbuluna ciddi nəzarət etməsi tövsiyə olunur.
Mütəxəssis həmçinin qeyd edib ki, susuzluğun əsas əlamətləri ağızda quruluq, halsızlıq və dəridə quruma ilə özünü göstərə bilər və bu hallarda su içmək simptomları qısa müddətdə azalda bilər.