- Ambulans gələnə qədər həyatı motosiklet briqadası xilas edəcək
Dünyanın bir sıra ölkələrində uğurla tətbiq olunan "Ambucycle" modeli artıq Azərbaycanda da istifadəyə verilir. Tıxaclı şəhər şəraitində təcili tibbi yardımın hadisə yerinə daha qısa müddətdə çatmasını hədəfləyən bu xidmət ənənəvi ambulans sistemini tamamlayan yeni yanaşma kimi qiymətləndirilir. Xüsusilə həyati təhlükə yaradan hallarda ilk tibbi müdaxilənin vaxtında göstərilməsi baxımından modelin təcili tibbi yardım xidmətinin operativliyinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Təcili tibbi yardım xidmətinin operativliyinin artırılması, xüsusilə nəqliyyat sıxlığının müşahidə olunduğu ərazilərdə və pik saatlarda vətəndaşlara daha çevik ilkin tibbi yardımın göstərilməsi məqsədilə TƏBİB tərəfindən yeni “Ambucycle” xidmət modelinin tətbiqinə başlanılıb. Ölkədə ilk dəfə olaraq motosikletlərin təcili tibbi yardım xidmətinə cəlb olunduğu bu model hadisə yerinə daha qısa müddətdə çatmağı və həyati əhəmiyyət daşıyan ilk dəqiqələrdə tibbi müdaxilənin göstərilməsini hədəfləyir. Xidmət modeli ilkin mərhələdə pilot olaraq Bakı şəhərində tətbiq olunacaq.
TƏBİB-in Mətbuat Xidmətindən Sherg.az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Ambucycle” zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş, xüsusi hazırlıq keçmiş feldşer tərəfindən idarə olunur:
“Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir. Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını koordinasiya edir. Feldşerlər İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris-Simulyasiya və Akkreditasiya Mərkəzində, Yeni Klinikada, eləcə də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində müvafiq nəzəri və praktiki təlimlərdən keçiblər”.
-“Ambucycle" xidməti "Ambulansı" tam şəkildə əvəz edə bilir, yoxsa onun əsas funksiyası ambulans hadisə yerinə çatana qədər ilkin tibbi yardımı göstərməkdir?
-Motosiklet briqadası hadisə yerində ürək-ağciyər reanimasiyası (BLS və ALS), ürəyin qapalı masajı, defibrilyasiya, ağrının aradan qaldırılması, sınıqlar zamanı immobilizasiya və digər təxirəsalınmaz tibbi müdaxilələri həyata keçirmək imkanına malikdir. Zərurət yarandıqda isə pasiyentin vəziyyətinə uyğun olaraq tamtəchizatlı təcili tibbi yardım briqadasının hadisə yerinə cəlb olunmasını koordinasiya edir. Bu xidmət modeli İsrail, Böyük Britaniya kimi ölkələrdə uğurla tətbiq olunur və təcili tibbi yardımın hadisə yerinə çatma müddətinin azaldılması, kritik hallarda erkən tibbi müdaxilənin təmin edilməsi baxımından öz effektivliyini sübut edib. “Ambucycle” xidmət modelinin tətbiqi təcili tibbi yardım xidmətinin əlçatanlığının və operativliyinin artırılmasına xidmət edəcək. Pilot mərhələnin nəticələri qiymətləndirildikdən sonra xidmət modelinin tətbiq coğrafiyasının genişləndirilməsi nəzərdən keçiriləcək.
-“Ambucycle" xidmətinə çağırışlar necə yönləndiriləcək? Dispetçer hansı meyarlar əsasında qərar verəcək ki, hadisə yerinə motosiklet briqadası göndərilsin, yoxsa birbaşa təcili tibbi yardım avtomobili?
-Bu proses çağrı mərkəzində tətbiq olunan tibbi triaj və hadisələrin çeşidlənməsi alqoritmləri əsasında həyata keçiriləcək. "103" xidmətinə daxil olan hər bir çağırış dispetçer tərəfindən hadisənin xarakterinə, təcililik səviyyəsinə və məkan xüsusiyyətlərinə uyğun olaraq qiymətləndiriləcək.
"Ambucycle" əsasən nəqliyyat sıxlığının yüksək olduğu ərazilərdə, xüsusilə yol-nəqliyyat hadisələrinə operativ şəkildə çatmaq üçün nəzərdə tutulub.
“Ambucyсle” ənənəvi təcili yardım avtomobilini əvəz etmir, onu tamamlayır. Məqsəd ilkin tibbi yardımı mümkün qədər qısa müddətdə göstərmək və zərurət olduqda, paralel olaraq təcili tibbi yardım avtomobilinin hadisə yerinə cəlbini koordinasiya etməkdir. Beləliklə, tamtəchizatlı təcili tibbi yardım avtomobili hadisə yerinə çatan qədər “Ambucycle” ilk dəqiqələrdən maksimum səmərəli istifadə edərək ilkin tibbi yardımı göstərəcək.
-Son zamanlar motosiklet istifadəçilərinin iştirakı ilə baş verən yol qəzaları ölkədə ciddi müzakirə olunur. Bu modelin tətbiqi zamanı yarana biləcək risklərin minimuma endirilməsi üçün hansı tədbirlər görülüb?
- "Ambucycle" heyətində fəaliyyət göstərəcək feldşerlər məhz bu xidmət modeli üçün əlavə olaraq, xüsusi hazırlıq keçiblər. Onlar tibbi bilik və bacarıqlara, həmçinin təhlükəsiz motosiklet idarəetməsi üzrə müvafiq sürücülük vəsiqəsinə malikdirlər. Bundan əlavə, sürücü-feldşerlər qoruyucu geyim və fərdi mühafizə vasitələri ilə təmin olunublar. Motosikletlər isə operativ nəqliyyat vasitəsi kimi sayrışan işıqlarla təchiz edilib.