- Natəmiz səthlərdə mikroblar və bakteriyalar asanlıqla çoxalaraq bioloji çirklənməyə və qida zəhərlənmələrinə yol açır
Toyuq dönərinin içindən tük çıxıb. Faktla bağlı sahibkar Yusif Qardaşzadə Milli.az portalına müraciət edib və məsələ ictimailəşib. Toyuq dönərinin "Halal Food" MMC tərəfindən istehsal olunduğu bildirilir. Sahibkar qeyd edib ki, bu, ilk deyil və daha bir neçə dəfə eyni halla qarşılaşıb.
O bildirilib ki, toyuq dönərlərində müşahidə olunan bu hallar məhsulların keyfiyyəti və sanitariya-gigiyena tələblərinə uyğunluğu ilə bağlı narahatlıq yaradır. Şikayətçinin sözlərinə görə, məsələ ilə bağlı istehsalçı şirkətə dəfələrlə müraciət edilsə də, şikayətin həll olunmadığı və dəymiş zərərin qarşılanmadığı iddia olunur. Onun sözlərinə görə, bu cür hallara aydınlıq gətirilməsi istehlakçıların sağlamlığının qorunması baxımından vacibdir. İddialarla bağlı AQTA-dan bildirilib ki, məsələ nəzarətə götürülüb, araşdırma aparılır.
Qida məsələləri üzrə ekspert Ağa Salamov Sherg.az-a açıqlamasında bildirdi ki, hər hansı bir ərzağın, qidanın içindən tük və ya qeyri-qida cismi çıxırsa, bu, qidada fiziki və bioloji çirklənmə baş verdiyini göstərir. Bu, o deməkdir ki qidanın istehsal prosesində, paketlənməsi zamanı sanitar-gigiyenik normalara riayət edilməyib, nəticədə qida bioloji və çarpaz çirklənməyə məruz qalıb: 
- Bu cür hallar ağır qida zəhərlənmələrinə yol aça bilir. Bu təhlükələrin qarşısını almaq üçün ilk növbədə sanitar-gigiyenik normalara ciddi şəkildə əməl edilməlidir. Qida ilə təmasda olan səthlərin hər istifadədən dərhal sonra təmizlənməsi vacibdir. Natəmiz səthlərdə mikroblar və bakteriyalar asanlıqla çoxalaraq bioloji çirklənməyə və qida zəhərlənmələrinə yol açır. Xüsusilə eyni doğrama taxtası və ya bıçaqla müxtəlif ərzaqların işlənməsi çarpaz çirklənməyə səbəb olur. Təhlükənin qarşısını almaq üçün mətbəx və qida ilə təmasda olan bütün səthlər, xüsusilə çiy ət və tərəvəz doğrandıqdan sonra dərhal təmizlənməlidir. Hər hansı ərzağın, qidanın içindən yad cisim çıxırsa, bu, fiziki çirklənmədir. Həm də qida təhlükəsizliyi standartlarına əsasən, bioloji çirklənmə riskini daşıyır, çünki tük özü ilə birlikdə bakteriya və mikroorqanizmlər, patogenlər daşıyıcısıdır. Tük qidaya düşdükdə bu mikroorqanizmlərin qidaya keçməsinə və çoxalmasına səbəb ola bilər. Nəticədə insan orqanizmində fəsadlar yaradacaq. Qida təhlükəsizliyi qaydaları ərzq və qida məhsullarının istehsalında belə halların qarşısının alınmasını tələb edir.
A.Salamov qeyd etdi ki, müştərilər hazır qidalar aldıqda diqqətli olmalı, qidadan hər hansı yad cisim çıxırsa, onu istehlak etməməlidirlər.