Naxçıvanı Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi sürətlə davam edir - FOTO

"Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Naxçıvan Muxtar Respublikasını Zəngəzur dəhlizinə bağlayacaq dəmir yolunun tikintisi davam etdirilir.

APA-nın yerli bürosu xəbər veir ki, layihənin mühüm istiqamətlərindən biri dəmir yolu infrastrukturunun yenidən qurulması və müasir tələblərə uyğunlaşdırılmasıdır.

Hazırda Azərbaycan–Ermənistan sərhədindən Ordubad istiqamətində, Zərəni və Salamməlik stansiyaları arasındakı 7 kilometrlik hissədə tikinti işləri sürətlə davam edir. Ümumi uzunluğu 194 kilometr olan dəmir yolu xətti boyunca 10 stansiyanın və 3 sərnişin platformasının yenidən qurulması, çoxsaylı körpülərin, tunellərin və digər mühəndis qurğularının inşası və bərpası nəzərdə tutulur.

"Naxçıvan Dəmir Yolları" MMC-nin direktor müavini Musa Əliyev bildirib ki, “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Naxçıvan dəmir yollarının yenidən qurulması xüsusi əks olunub: “Hazırda muxtar respublika ərazisində bu istiqamətdə işlər sürətlə davam etdirilir. Sərhəddən başlayaraq Salamməlik stansiyasından Culfa stansiyası istiqamətinə qədər olan ərazidə yeni yolların layihələndirilməsi və yenidən qurulması üzrə layihə tapşırığı artıq yekunlaşmış və icrasına başlanılmışdır. Culfa-Sədərək sahəsində isə dəmir yolunun layihələndirilməsi işləri demək olar ki, yekunlaşmaq üzrədir".

O vurğulayıb ki, hazırda Ermənistan sərhədindən Salamməlik stansiyası istiqamətində dəmir yolunda yenidənqurma işləri aparılır:

"7 kilometrlik ərazidə yolun üst quruluşu materialları sökülərək götürülüb, yeni yolun montajı üzrə işlər davam etdirilir. Körpülər, borular, suötürücü qurğular, dağüstü kanallar, küvetlər hazırlanmış, istinad divarları bərkidilmişdir. Bütün bunlarla yanaşı, artıq 6 kilometrdən çox məsafədə rels şpal şəbəkəsi salınmış və çınqıl qatı ilə örtülmüşdür. Relslər Türkiyə Respublikasından, şpallar isə Şabrandan gətirilən yüksək keyfiyyətli materiallardır. İnşallah, çox yaxın gələcəkdə Zəngəzur dəhlizinin istismara verilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında dəmir yollarının yenidən qurulması başa çatacaq. Arzu edirəm ki, çox yaxın vaxtlarda Naxçıvan dəmir yollarında qatarların hərəkəti bərpa olunsun. Biz həqiqətən də qatarların gedişinə, o relslərin taqqıltısına həsrət qalmışıq. İnşallah, bu həsrət tezliklə sona çatar".

Musa Əliyev qeyd edib ki, muxtar respublika ərazisində qatarların normal və təhlükəsiz hərəkətinin bərpası üçün addımlar atılır: "7 kilometrlik məsafədə aparılan yenidənqurma işləri yüksək səviyyədə icra olunur. Layihədə nəzərdə tutulduğu kimi, Naxçıvan ərazisində qatarların saatda 120 km sürətlə hərəkəti təmin ediləcək".