- "Universitetlərdə isə tələbələrin, o cümlədən hicablı qadınların təhsil almasına maneə yaradılmır"
Nazirlər Kabinetinin vahid geyim qaydalarının tətbiqi ilə bağlı qərarı cəmiyyətdə geniş müzakirələrə səbəb olsa da, bu addım ölkənin qanunvericiliyi və dünyəvi dövlət prinsipləri baxımından mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bir neçə gündür "hicab qadağası" adı altında müəyyən təxribat cəhdləri təşkil edilir.
Bəziləri bunun fərdi seçim olduğunu, digərləri isə təhsil ocaqlarında vahid nizam-intizamın qorunmasının vacibliyini vurğulayır.
Ölkənin qanunları və hüquqi-normativ aktları baxımından isə təhsil müəssisələrində vahid geyim qaydalarına riayət olunmasının və dövlət prinsiplərinin qorunmasının vacibliyi ön plana çəkilir.
Qeyd edilir ki, təhsil müəssisələrində vahid geyim formasının qorunması həm nizam-intizamın, həm də şagirdlər arasında sosial bərabərliyin təmin olunması üçün vacibdir.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, professor Hamlet İsaxanlı Sherg.az-a açıqlamasında məktəbli formalarının tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarını şərh edib.
O bildirib ki, məktəb yaşlı uşaqlar hələ müstəqil qərar vermək yaşına çatmayıblar və bu məsələdə valideynlərinin təsiri altında olurlar. H. İsaxanlının sözlərinə görə, Azərbaycanda dini etiqad azadlığı mövcuddur, lakin bu azadlıq məktəblərdə vahid geyim qaydalarının pozulmasına əsas verməməlidir: "Şagirdlərin dini mənsubiyyətlərinə uyğun fərqli geyimlərlə məktəbə gəlməsi sinif daxilində dini fərqliliklərin ön plana çıxmasına və ayrı-seçkiliyə səbəb ola bilər. Əgər sinifdə bir uşaq hicabla, digəri yəhudi papağı ilə, başqa bir şagird isə boynundan iri xaç asaraq otursa, bu, dini fərqliliklərin qabardılmasına gətirib çıxara bilər. Bu, doğru yanaşma deyil”.
Professor fikrini əsaslandırarkən hərbi xidmət nümunəsini də çəkib: "Necə ki, orduda xidmət edən hər kəs, cinsindən asılı olmayaraq, müəyyən edilmiş hərbi geyim qaydalarına əməl etməlidir. O cür də məktəblərdə vahid geyim prinsipinə riayət olunmalıdır.
Siz indi təsəvvür edin ki, orduya gedən adam deyir ki, mənim dini inancıma görə əsgər paltarı geyinmək istəmirəm, mən başqa cür paltar geyinəcəm. Olmaz! Bu baxımdan məktəb də eyni prinsip əsasında fəaliyyət göstərməlidir. Bütün şagirdlər vahid məktəbli forması geyinməli və müəyyən edilmiş geyim qaydalarına əməl etməlidirlər".
Hamlet İsaxanlı qeyd edib ki, ali təhsil müəssisələrində isə bu məsələyə münasibət fərqlidir. Onun sözlərinə görə, universitetlərdə tələbələrin, o cümlədən hicablı qadınların təhsil almasına maneə yaradılmır. Universitetdə hicablı tələbələr var və heç kim onlara bu baxımdan irad tutmur. Çünki onlar artıq tələbədirlər və artıq öz dini baxışlarını və seçimlərini müstəqil şəkildə müəyyənləşdirmək yaşındadırlar. Mənim fikrim bundan ibarətdir”.