Ürək əməliyyatından sonra xərçəng yox oldu: Həkimləri təəccübləndirən hadisə

Avstraliyada 60 yaşlı kişinin 4-cü mərhələ dəri xərçəngi ürək əməliyyatından sonra gözlənilmədən geriləyib.

Xərçəng limfa düyünləri ilə yanaşı qaraciyərə və bud sümüyünə də yayılmışdı. Müalicə isə ciddi yan təsirlərə görə dayandırılmışdı.

Daha sonra ürək qapağındakı ciddi problem səbəbilə əməliyyat olunan xəstədə bakterial infeksiya yaranıb. Bundan sonra aparılan müayinələrdə əvvəllər yayılmış melanomun tamamilə yox olduğu müəyyənləşib.

Sherg.az xəbər verir ki, tədqiqatçılar əməliyyat və infeksiyanın immun sisteminin reaksiyasını dəyişdirərək xərçəngin geriləməsinə səbəb ola biləcəyini düşünürlər. Lakin bunun birbaşa səbəb olduğu hələ sübut edilməyib.

Hadisədən təxminən iki il sonra xəstənin arı sancmasına qarşı ilk dəfə ağır allergik reaksiya - anafilaksi keçirməsi də alimlərin diqqətini çəkib.