Uşaqların həyatımıza daxil olması ilə evdə qarşılaşa biləcəyimiz “təcili” vəziyyətlərin xarakteri də dəyişir. Qızdırma, məişət qəzaları və allergik reaksiyalar zamanı evdə ilkin müdaxiləyə ehtiyac yarana bilər.
Sherg.az xəbər verir ki, Uşaq Sağlamlığı və Xəstəlikləri üzrə Türkiyəli mütəxəssis Dr. Ayşə Sokullu uşaqlı və körpəli evlərdə olması tövsiyə edilən dərman və ilkin yardım vasitələrini sadalayıb.
1. Qızdırmasalıcılar
Ən çox rast gəlinən təcili vəziyyətlərdən biri qızdırmadır. Mənbəyə görə, qoltuqaltından 38°C və yuxarı, qulaqdan isə 38,5°C və yuxarı temperatur ölçüldükdə uşaq yüngül geyindirilməli, sərinləşdirilməli və otağın temperaturu aşağı salınmalıdır.
Qızdırma davam edərsə, parasetamol tərkibli şərbət və tabletlər ilk seçim kimi göstərilir. Parasetamolun istifadə edilə bilmədiyi və ya kifayət etmədiyi hallarda 6 aydan böyük uşaqlarda ibuprofen tərkibli preparatlardan istifadə edilə biləcəyi qeyd olunur. Ağızdan dərman qəbul etmək mümkün olmadıqda parasetamol tərkibli şamlardan istifadə edilə bilər.
Mənbədə həmçinin dərmanların qəbul intervalına diqqət yetirilməsi və həkim məsləhəti olmadan kombinə edilmiş dərmanlardan istifadə edilməməsi vurğulanır.
2. Allergiya dərmanları
Ailədə allergiyaya meyillilik varsa və ya uşaq daha əvvəl allergik reaksiya keçiribsə, həkimin tövsiyə etdiyi antihistamin şərbət və kremlərin evdə saxlanılması məqsədəuyğun hesab edilir.
Qida allergiyası, həşərat dişləməsi və arı sancmasından sonra yaranan qızartı və şişkinlik zamanı bu vasitələr həkimə çatana qədər ilkin müdaxiləyə kömək edə bilər.
Ağır, həyati təhlükə yarada bilən allergik reaksiyalarda isə uşağın yanında daşınması üçün həkimdən əvvəlcədən müvafiq resept almağın vacib olduğu bildirilir.
3. İlkin yardım vasitələri
Məişət qəzaları zamanı zərbə və burxulmalarda ilk olaraq soyuq su və ya buz tətbiqi tövsiyə edilir. Yüngül yanıqlarda da soyuq su tətbiq oluna bilər.
Ağır yanıqlarda geyim ehtiyatla çıxarılmalı, nahiyəyə başqa vasitə sürtülmədən təcili tibbi yardıma müraciət edilməlidir.
Açıq yaraların təmizlənməsi üçün oksigenli su, yod tərkibli antiseptiklər və steril tənzif evdə saxlanıla bilər.
4. Öskürək şərbətləri
Öskürək şərbətləri adətən təcili yardım üçün zəruri dərmanlar sırasına daxil edilmir. Lakin uşağın tənəffüs yollarında həssaslıq və zaman-zaman nəfəs darlığı yaranırsa, həkim tərəfindən tövsiyə edilmiş nəfəs açıcı preparatların evdə olması məsləhət görülür.
5. İshal və qusma zamanı
İshal zamanı sink tərkibli şərbətlər və probiotiklər həkim məsləhəti ilə evdə saxlanıla bilər.
Lakin qusma əleyhinə dərmanlar həkimin aktual tövsiyəsi olmadan uşağa verilməməlidir. Çünki qusma bir sıra ciddi xəstəliklərin ilk əlaməti ola bilər. Təkrar qusma hallarında həkimə müraciət etmək vacibdir.
6. Kremlər
Xüsusilə yay aylarında yaranan tərləmə və səpkilər zamanı sink əsaslı krem və losyonlar evdə saxlanıla bilər.
7. Burun damcıları
Burun tutulması və soyuqdəymə zamanı fizioloji məhlul tərkibli burun damcılarından istifadə edilə bilər.