Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, təxminən 3 həftədir yeni hantavirus yoluxması qeydə alınmayıb və vəziyyət sabit qalır.
Sherg.az xəbər verir ki, məlumata görə, ÜST-yə bildirilən ümumi yoluxma sayı 13 olaraq qalır. Son 1 aydan artıq müddətdə isə yeni ölüm hadisəsi qeydə alınmayıb və ölüm sayı 3-də sabit qalıb.
Hadisələr əsasən Hollandiya bayrağı altında üzən “MV Hondius” sərnişin gəmisində aşkarlanan yoluxmalarla bağlıdır.
Hantavirus nədir?
Hantavirus əsasən gəmiricilərdən insanlara keçən infeksiyadır. Virus adətən gəmirici ifrazatları (nəcis, sidik, tüpürcək) ilə çirklənmiş havanın udulması, bəzən dişləmə və ya cızılma yolu ilə ötürülür.
Xəstəlik hərarət, yorğunluq və əzələ ağrıları ilə başlayır, ağır hallarda isə tənəffüs çatışmazlığı, daxili qanaxma və böyrək problemlərinə səbəb ola bilər.