Vaqif Qarayev deputata cavab: “Rentgen üçün təcili yardım Bakıya göndərilməz!”

Ekspert reallığı açıqladı, bölgələrdə həkim də çatışmır, avadanlıq da

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında deputat Səyyad Aran təcili yardım və bölgələrdə həkim çatışmazlığı problemindən danışıb. “Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padşahlar” ifadəsi meydana gəlib. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu cıqqılı padşahın ucbatından az qalırdı adam orada ölsün. Bu, nə özbaşınalıqdır, nə yiyəsizlikdir?", – deyə deputat bildirib.

Həkim-pediatr, təcili yardım sahəsində də (uşaq reanimatoloqu) çalışmış Vaqif Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, təcili yardım maşınının Bakıya gəlməsi qadağan deyil. Amma baxır, hansı səbəbə, nəyə görə, niyə Bakıya istiqamət alması tələb olunur və ya istənilir: 

- Təcili yardım maşınının hansısa bölgədən paytaxta hərəkıt etməsi üçün əsaslı, ciddi bir səbəb olmalıdır. Millət vəkilinin çıxışından aydın olmur, təcili yardımın Bakıya gəlməsini niyə, hansı səbəbdən istəyiblər. Əgər adi rentgen müayinəsi üçündürsə, təcili yardım niyə Bakıya gəlsin? Deputatın yəqin qohumu üzləşib bu problemlə. Ona görə məsələni parlamentdə qaldırıb. Səhiyyəmizlə bağlı parlamentdə müzakirəyə çıxarılası daha ciddi məsələlər var. Təcili yardımın üzərinə getmək lazım deyil. Hər hansı təcili xidmət paytaxtda göstərilməlidirsə, pasiyentlər təxliyə olunur, ambulanslar onları Bakıya gətirir. Görünür, deputatın dediyi halda pasiyentin paytaxta gətirilməsinə zərurət olmayıb. Rentgen müayinəsi üçün rayondan Bakıya maşın verərlər?!

Bölgələrdə kadr çatışmazlığı məsələsinə gəlincə, V.Qarayev bu problemin mövcud olduğunu dedi: 

- Bölgələrdə həkim çatışmazlığı var. Avadanlıq çatışmır. Bunun səbəblərini hökumət bilir. Bölgələrdə tibbi sahədə normal şərait yaradılmalıdır ki hər məsələyə görə insanlar paytaxta üz tutmalı olmasınlar.