PFAS-a məruz qalma tiroid xərçəngi və qaraciyərin zədələnməsi kimi müəyyən xəstəliklərin riskini artırır
“Azərbaycanfilm” kinostudiyasında 1974-cü ildə istehsal edilmiş “Ömrün səhifələri” filmi 3 novelladan ibarətdir və kinosevərlər, xüsusən kişilər, heç şübhəsiz, kinoalmanaxın “Rəqiblər” hissəsini daha çox xatırlayır. Çünki orada məhz pivədən, futboldan danışılır, nərd “mərkəzə” gətirilir. Yəni Azərbaycan kişisini ən çox məşğul edən nəsnələr. Pivəyə əla mahnı da qoşulub filmdə:
Ay camaat, yayda isti düşəndə,
Bu istidə səhər-axşam bişəndə,
Tramvaydan su içində düşəndə,
Pivə düşür hər kişinin yadına,
Pivə çatır hər kişinin dadına!...
Pivə sevgisi, pivə aludəçiliyi hazırda hansı dərəcədədir, deyə bilmərik, araşdırma aparmamışıq. Həm də indi tramvay yoxdu, kondisionerli ictimai nəqliyyat var, mənzillərdə, iş yerlərində də istidən bişən az olar, kondisionerlər hesabına, pivəni də əvəz edənlər o qədərdir ki. "Cola"dan başlamış, çeşid-çeşid enerji içkilərinədək. Eləcə də lyüks bar-kafelərdə müştərilərə təqdim edilən bahalı pivələr də. Məsələ də bundadır. Pivələrin tərkibində zərərli PFAS maddələrinin olduğu aşkarlanıb.
Şimali Karolinada yerləşən "RTI İnternational" tədqiqat institutunun alimləri ABŞ və Avropada istehsal olunan məşhur pivə növlərində təhlükəli kanserogen maddələrin olduğunu aşkar ediblər. Bakupost.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb. Məlumatda qeyd olunur ki, söhbət PFAS adlanan maddələrdən gedir. Onlara “yüksək dayanıqlı kimyəvi maddələr” deyilir, çünki bu maddələr ətraf mühitdə parçalanmadan uzun müddət qalır. Bundan əlavə, orqanizmi məhv edən bu zəhərli maddələr dünyanın əksər pivə markalarında mövcuddur. “Bu maddələr xərçəng xəstəliyinə səbəb ola bilər”, - deyə alimlər əlavə ediblər.
PFAS nədir və insan orqanizminə nə dərəcədə ziyanlıdır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Sherg.az-a açıqlamasında qeyd etdi ki, PFAS adlanan maddələr nəinki pivənin, demək olar əksər qida məhsulları və məişət avadanlığının tərkibində var:

- PFAS suya, yağa və ləkələrə davamlı olan sintetik kimyəvi maddələr qrupudur. Onlardan tez-tez sənayedə, məsələn, odadavamlı, yapışmayan qabların istehsalında, hansı ki xanımlarımız “Tefal” deyib bəh-bəhlə alır, mətbəxdə istifadə edir, bu növ məişət avadanlıqlarının, birdəfəlik qida qablarının, müxtəlif məhsulların hazırlanmasında istifadə olunur. PFAS ətraf mühitdə parçalanmadığı və insan orqanizmində toplana bildiyi üçün "əbədi kimyəvi maddələr" sayılır. PFAS, molekullarında bir alkil zəncirinə bağlı çoxlu flüor atomları olan sintetik kimyəvi maddələrdir. Onlar yüksək kimyəvi sabitliyə və səthi aktiv xüsusiyyətlərə malikdirlər. PFAS-dan toxuculuqda, yanğınsöndürən köpük, qida qablaşdırması və bəzi tikinti materialları da daxil olmaqla geniş çeşiddə sənaye və istehlak məhsullarında istifadə olunur. Qida məhsulları, paketlənmiş ərzaqlar, hamısının istehsalında bu zərərli maddələr iştirak edir. Sintetik, kimyəvi qablaşdırmada hər nə varsa, tərkibində PFAS vardır. Sintetik parçalar da belədir. Bu cür məhsullardan davamlı istifadə onların ətraf mühitdə toplanıb qalmasına və insan orqanizmində də toplanmasına səbəb olur, bu da sağlamlığa ciddi şəkildə mənfi təsir edir. Tədqiqatlar göstərir ki, PFAS-a məruz qalma tiroid xərçəngi və qaraciyərin zədələnməsi kimi müəyyən xəstəliklərin riskini artırır.
Bəs nə edək? E.Hüseynov bildirdi ki, təhlükədən mümkün qədər uzaq durmaq lazımdır:
- Yapışmayan örtüklü (tefal) qab-qacaq almağı dayandırın - təkcə özünüzü və yaxınlarınızı belə qabların qızdırıldığı zaman ayrılan maddələrin zərərli təsirindən qorumaq üçün deyil, həm də vicdansız istehsalçılara sponsorluq etməmək üçün. "Fast-food", birdəfəlik qab-qacaq və mağazada alınmış yeməkləri qablarda yeməyi dayandırın: qida qablaşdırmasında ən çox PFAS var. Təbii kosmetikadan istifadə edin, suya davamlı tuş, dodaq boyası və göz kölgəsi istifadə etməyi dayandırın. Dəriyə qulluq, kosmetik vasitələr seçərkən minimalizm prinsipinə əməl edin. Su keçirməyən süni parçalardan tikilmiş geyimlər almayın, təbii materiallara üstünlük verin. Enerji içkilərindən uzaq durun. Təmiz, saf su orqanizmin yeganə dostudur.