Yayda qida zəhərlənmələri niyə artır? - Professor səbəbləri və riskləri izah etdi

  • Adil Qeybulla: “Səhlənkarlıq ağır fəsadlara, hətta ölümə səbəb olur”

İsti yay günləri istirahət və səyahət mövsümü olmaqla yanaşı, qida zəhərlənmələrinin ən çox artdığı dövr hesab olunur. Havanın temperaturunun yüksəlməsi qida məhsullarının daha tez xarab olmasına, bakteriya və digər zərərli mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olur. Nəticədə gündəlik istehlak etdiyimiz qidalar belə sağlamlığımız üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər.

Xüsusilə iyul-avqust aylarında qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalara müraciətlərin sayı artır. Mütəxəssislər bildirirlər ki, belə halların əksəriyyəti sadə gigiyena qaydalarına əməl edilməməsi, qidaların düzgün saxlanılmaması və ya açıq şəraitdə satılan məhsulların ehtiyatsız şəkildə istehlakı nəticəsində baş verir. Buna görə də yay aylarında hansı qidaların təhlükə yaratdığını, zəhərlənmənin ilk əlamətlərini və belə hallarda necə davranmalı olduğumuzu bilmək xüsusilə vacibdir.

Tibb üzrə ekspert, professor Adil Qeybulla Sherg.az-a bildirib ki, qida zəhərlənməsi ən çox rast gəlinən həzm sistemi problemlərindən biridir və əsasən bakteriyalar, viruslar, parazitlər və ya keyfiyyətsiz qidaların qəbulu nəticəsində yaranır:

“Xüsusilə isti yay aylarında yüksək temperaturun təsiri ilə qida məhsullarında zərərli mikroorqanizmlər daha sürətlə çoxaldığından, zəhərlənmə riskləri də əhəmiyyətli dərəcədə artır. Belə hallarda insanlarda qarın ağrısı, ürəkbulanma, qusma, ishal, hərarətin yüksəlməsi, ümumi halsızlıq və susuzlaşma kimi əlamətlər müşahidə olunur. Bu simptomlar meydana çıxdıqda vaxtında tədbir görülməməsi, xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər”.

Professor bildirib ki, yay mövsümündə zəhərlənmələrin qarşısını almaq üçün istehlak edilən qidaların növünə və keyfiyyətinə xüsusi diqqət yetirilməlidir:

“Bu aylarda daha çox qarpız, pomidor və digər mövsümi məhsullarla bağlı zəhərlənmə hallarına rast gəlinir. Tərkibində çoxlu su olan meyvə və giləmeyvələrin yetişdirilməsi zamanı müxtəlif gübrə və kimyəvi vasitələrdən istifadə olunur. Bu maddələr məhsulun tərkibinə təsir göstərə və insan orqanizminə daxil olduqda toksiki nəticələr yarada bilər. Belə məhsulları seçərkən diqqətli olmaq lazımdır. Məhsulun iyinə, dadına, rənginə və ümumi görünüşünə diqqət yetirilməlidir. Şübhə doğuran məhsullardan qətiyyən istifadə etmək olmaz.

Bundan başqa, konservləşdirilmiş məhsullarla bağlı da zəhərlənmə halları qeydə alınır. Düzdür, bu cür zəhərlənmələrə daha çox qış aylarında rast gəlinir. Çünki konservləşdirilmiş qidalar əsasən həmin dövrdə daha çox istehlak olunur. Ümumiyyətlə, qida məhsulları düzgün saxlanılmadıqda onların tərkibində toksiki infeksiyalar yarana bilər. Adətən köhnəlmiş və ya xarab olmuş qidalar bu cür zəhərlənmələrə səbəb olur.

Açıq şəraitdə satılan qidalardan istifadə etmək məsləhət görülmür. Zəhərlənmə baş verdikdə şəxs ilk növbədə bol maye qəbul etməlidir. Bu, orqanizmin susuzlaşmasının qarşısını almağa və zərərli maddələrin xaric olunmasına kömək edir. Daha sonra xəstəyə ilkin tibbi yardım göstərilməli və mütləq həkimə müraciət olunmalıdır. Bəzən səhlənkarlıq ağır fəsadlara, hətta ölüm hallarına səbəb ola bilir”.