Yuxusuzluq 50 yaşdan aşağı şəxslərdə xərçəng riskini artırır

Mütəxəssislər yuxu pozuntularının 50 yaşdan aşağı insanlarda bəzi xərçəng növlərinin artması ilə əlaqəli olduğunu bildirirlər.

Sherg.az xəbər verir ki, Amerika Klinik Onkologiya Cəmiyyətinin (ASCO) konfransında təqdim olunan araşdırmaya əsasən, müasir həyat tərzi, gecə növbələri, stress və ekranlardan yayılan mavi işıq yuxu rejimini pozaraq orqanizmin müdafiə mexanizmlərinə mənfi təsir göstərə bilər.

Nevrologiya mütəxəssisi Daryuş Heydari bildirib ki, böyüklər üçün ideal yuxu müddəti 7–9 saat olsa da, əsas məsələ yuxunun uzunluğu deyil, onun fasiləsiz və keyfiyyətli olmasıdır. Onun sözlərinə görə, dərin yuxu mərhələsində beyin toksinlərdən təmizlənir, immun sistemi daha aktiv işləyir və hüceyrələrin yenilənməsi prosesi güclənir.

Mütəxəssislər sağlam yuxu üçün hər gün eyni saatda yatıb oyanmağı, yatmazdan ən azı bir saat əvvəl elektron cihazlardan uzaq durmağı, yataq otağını qaranlıq və sərin saxlamağı, həmçinin günün ikinci yarısından sonra kofein qəbulunu məhdudlaşdırmağı tövsiyə edirlər.