Azər Qasımov: “Hindistanın Zəngəzur dəhlizi barədə danışması istehza doğurur”

Əvvəlcə Azərbaycandan üzr istəməlidir

Hindistanlı diplomat, səfir Anil Triqunayat deyib ki, Cənubi Qafqazda kommunikasiyaların açılması Hindistan üçün də faydalı və səmərəli olacaq. Onun sözlərinə görə, fasiləsiz kommunikasiya marşrutları və kommunikasiya dəhlizləri son dərəcə vacibdir. Diplomat vurğulayıb ki, Cənubi Qafqaz üçün digər mühüm layihə Hindistanın da təsisçi üzvü olduğu Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizidir: "Mən şəxsən onun imzalanması mərhələsində iştirak etmişəm. Ticarət və nəqliyyat dəhlizləri yeni anlayış deyil, əsrlər boyu mövcud olub. Bizim üçün bu, çox əhəmiyyətlidir. Əgər bu yollar onların keçdiyi bütün ölkələrin iştirakı ilə sülh dəhlizlərinə çevrilərsə, hər şey çox daha asan olacaq. İnsanlar sülh uğrunda mübarizə aparırlar. Biz də sülh yaratmaq üçün çalışmalıyıq". Triqunayat iddia edib ki, Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi sürətli olmayacaq: "Vaşinqton razılaşmalarının icrası hər iki tərəfin səmimiyyətindən asılı olacaq. Bu, sürətli proses olmayacaq, çünki qarşılıqlı şübhələrin aradan qaldırılması üçün vaxt lazımdır. Bu səbəbdən kommunikasiya, əlaqə və etimadın möhkəmləndirilməsi tədbirləri hər iki tərəf üçün son dərəcə vacibdir".

Ədalət, Hüquq, Demokratiya Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov Sherg.az-a deyib ki, Azərbaycanın uzun illərdir Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin açılması üçün fəaliyyət göstərdiyi durumda Hindistanın Zəngəzur dəhlizinin Şimal-Cənub marşrutu üçün əlverişli olmasından danışması istehza doğurur. Ekspert xatırladıb ki, dünənə kimi Hindistan Ermənistanın ağzı ilə danışırdı:

 "Azərbaycan və Ermənistan arasında sülh danışıqları mühüm nəticələr verdikcə Hindistana əyan olub ki, sən demə, Zəngəzur dəhlizindən beynəlxalq yük daşımaları məqsədilə istifadə etmək olarmış. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi əsasən Hindistan və Fars körfəzi regionundan yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasını təmin edir. Azərbaycan əslində, Hindistanın bu təklifini tezliklə qəbul etməməlidir. Hindistan Azərbaycana qarşı etdiyi hərəkətlərin cəzasını çəkməlidir. Fransa kimi Hindistan dövləti də Azərbaycan qarşısında üzr istəmək durumunda qalmalıdır. Yaxşı olar ki, rəsmi Dehli Bakıya qarşı səhvlərini, yanlış siyasətini də etiraf etsin. Ondan sonra sözügedən marşrutun reallaşması üçün praktiki addımlara baxmaq olar. Təbii ki, çox uzatmamaq şərtilə..".