Azərbaycan XİN rəhbəri Zimbabve Milli Assambleyasının sədri ilə görüşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Sherg.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan ilə Zimbabve arasında siyasi dialoqun inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, təhsil, turizm, mədən sənayesi, kənd təsərrüfatı, dövlət xidmətlərinin göstərilməsi sahəsində ASAN xidmət modelinin tətbiqi və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ölkəmizin Afrika ölkələri arasında əlaqələrin inkişafına verdiyi önəmi vurğulayaraq, qarşılıqlı səfərlərin və parlament diplomatiyasının ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə mühüm töhfə olduğunu bildirib. Bu çərçivədə, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Tərəflər Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşviq etdiyi təşəbbüslər, eləcə də COP29 çərçivəsində əldə olunmuş nəticələrin inkişaf etməkdə olan ölkələrin maraqlarının irəli aparılması baxımından əhəmiyyətini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Zimbabvenin 2027–2028-ci illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə təbriklərini çatdırıb, ölkəmizin bu məsuliyyətli fəaliyyət dövründə Zimbabve ilə sıx əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Tərəflər BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın, beynəlxalq hüququn norma və prinsiplərinin təşviqi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Tərəflər Parlamentlərarası İttifaq (IPU) çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

Nazir həmçinin qarşı tərəfə regional vəziyyət, keçmiş münaqişə və hal-hazırkı sülh gündəliyi, işğaldan azad edilmiş ərazilərimizdə bərpa-yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.