Azərbaycanla Türkmənistan bir-birindən çox fayda götürə bilərik - ANALİTİK

  • Arzu edərdik ki, bu səfərdən sonra artıq Türkmənistanda Azərbaycan vətəndaşlarına tətbiq edilən viza ləğv edilsin

Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Azərbaycana rəsmi səfərə gəlib. Son illər Bakı ilə Aşqabad arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın nəzərəçarpacaq dərəcədə genişlənməsi fonunda bu səfər xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Xəzər dənizində yerləşən “Dostluq” yatağının birgə işlənməsi barədə əldə olunan razılaşma iki ölkə arasında uzun illər davam edən fikir ayrılıqlarının aradan qaldırılmasının və strateji tərəfdaşlığın yeni mərhələyə keçməsinin simvolu hesab olunur Ekspertlər hesab edirlər ki, Azərbaycan-Türkmənistan münasibətlərinin inkişafı yalnız ikitərəfli əlaqələr baxımından deyil, həm də Xəzər hövzəsi, Mərkəzi Asiya və türk dünyasında inteqrasiya prosesləri üçün mühüm əhəmiyyət kəsb edir. Enerji və nəqliyyat layihələri, o cümlədən Türkmənistan qazının gələcəkdə Azərbaycan üzərindən beynəlxalq bazarlara çıxarılması perspektivi əməkdaşlığın strateji dəyərini daha da artırır. 

Bu fonda Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinin nəticələri, Bakı-Aşqabad münasibətlərinin gələcək perspektivləri və Azərbaycanın Türkmənistana “Dostluq” adlı neftdaşıyan tanker hədiyyə etməsinin siyasi və iqtisadi mesajları xüsusi maraq doğurur.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirdi ki, hələ Türkmənbaşı Saparmurad Niyazovun prezidentliyi dövründə Azərbaycanla Türkmənistan arasında yaxşı münasibətlər var idi, amma sonradan bu münasibətlər korlandı:

“Əlbəttə, bu, Azərbaycanın günahı ucbatından deyildi. Sonrakı mərhələdə Azərbaycan əlindən gələni etdi ki, münasibətlər normallaşsın. Bugünkü gündə də Azərbaycan qardaş Türkmənistanla əlaqələrə çox böyük əhəmiyyət verir və hətta bir çox məsələlərdə güzəştə də gedir ki, aramızdakı münasibətlər yüksək səviyyədə davam etsin. Bilirsiniz, Türkmənistan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvüdür və Azərbaycan dövləti qardaş Türkiyə və digər türk dövlətləri ilə birlikdə Türkmənistanın tamhüquqlu üzvə çevrilməsində maraqlıdır. İkinci tərəfdən, Türkmənistan bizim üçün, olduqca yaxın qardaş dövlətdir. Türkmən xalqı elə azərbaycanlılar deməkdir. Yəni biz eyni millətin iki ayrı dövlətiyik və əlbəttə ki, belə bir şəraitdə biz mütləq daha yaxın olmalıyıq. Üçüncü tərəfdən, Xəzər dənizinin o tayında onlar, bu tayında bizik və Xəzər dənizi bizim ortaq dənizimizdir. Əlavə olaraq, Xəzər dənizindəki enerji daşıyıcılarının istismarı məsələlərində də bizim ortaqlığımız var. Düzdür, müəyyən anlaşılmazlıqlar da olub, amma mən əminəm ki, Prezident İlham Əliyev və Sərdar Berdiməhəmmədov birlikdə bu məsələləri həll ediblər. Arada həll edilməmiş məsələlər qalıbsa belə, onlar da öz həllini tapacaq”. 

Analitik arzulayır ki, qardaş Türkmənistanla Azərbaycan arasında münasibətlər daha da intensivləşsin:

“Türkmənistan türk dövlətləri arasında yeganə respublikadır ki, Azərbaycan vətəndaşlarına viza tətbiq edir. İstəməzdik ki, belə olsun. Arzu edərdik ki, bu görüşdən, bu səfərdən sonra artıq Türkmənistanda Azərbaycan vətəndaşlarına tətbiq edilən viza ləğv edilsin. Yəni biz digər türk dövlətlərində olduğu kimi Türkmənistana da rahat şəkildə gedib-gələ bilək. Ümumiyyətlə, cəmiyyətlərimiz və insanlarımız arasında inteqrasiyanı sürətləndirmək lazımdır. Bizim Türkmənistana çox faydamız toxuna bilər, eləcə də Türkmənistandan çox fayda götürə bilərik. Yəni yaxın qonşu, qanı bir, canı bir qardaşlarıq. Bu səfəri, əlbəttə, yüksək dəyərləndirirəm və arzu edirəm ki, belə səfərlər intensivləşsin. Ondan sonra təkcə prezidentlər səviyyəsində deyil, cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən şəxslər tərəfindən də qarşılıqlı səfərlər artsın. Buna çox ciddi ehtiyac var və əlbəttə ki, qardaş Türkmənistan bir addım atacağı təqdirdə, Azərbaycan əmin olun ki, iki, üç, hətta beş addım atmağa həmişə hazır olub, bu gün də hazırdır”.