- Median sürətin yüksəlməsi üçün istifadəçiləri üçün yüksək sürətli tariflərə çıxışı daha sərfəli etməlidirlər
Mütəxəssislər ölkədə internet tariflərinin ucuzlaşmalı olduğu fikrini irəli sürür. İnformasiya-kimmunikasiya məsələləri üzrə ekspert Elvin Abbasov “Sherg.az”a açıqlamasında bildirdi ki, ölkədə internetin orta sürəti son illərdə demək olar, dəyişməz qalıb: 
- Son 4-5 ildə intensiv dinamika ilə dəyişən median internet sürəti bir neçə aydır ki, stagnasiyadadır (durğunluq). Ookla öz hesabatında may ayının median sürət göstəricisinin (orta göstərici) 91,95 Mbit/s olduğunu dərc edib. Ötən ilin eyni dövründə sürət göstəricisi 79,25 Mbit/s idi. Bəli, 16% artım var. Ancaq ötən illərin intensivliyi demək olar ki, yoxdur. Son 6-7 aydır median sürət göstərici 91 Mbit/s-dən sözün əsl mənasında iməkləyərək 91,95 Mbit/s-ə çatıb. Bunun birinci səbəbi provayderlərin səhv yanaşmasıdır. İnfrastruktur qurulduqca genişzolaqlı internet istifadəçilərinin sayı və istehlak etdikləri trafik həcmi ciddi şəkildə artıb. Belə ki, açıq mənbələrdə göstərilir ki, ümumi internet trafiki ötən illə müqayisədə təxminən 22%, GPON texnologiyası üzərindən xidmət alan istifadəçilər üzrə orta trafik həcmi də təxminən 20% artdığı bildirilir. Bunlar öz-özlüyündə vacib göstəricilərdir.
Texniki imkanların mövcud olmasına baxmayaraq, provayderlərin böyük əksəriyyətinin median sürət göstəriciləri 100 Mbit/s-nin altındadır. Bütün ölkəni əhatə edən 1 Gbit/s-lik infrastruktur qurulub, amma 200-ə yaxın internet provayderdən yalnız 3-ü 150 Mbit/s-dən yüksək sürət təqdim edir.
Düşünürəm ki, provayderlər öz tarif paketlərinə yenidən baxmalıdırlar və trafik həcminin artan dinamikasını nəzərə almalıdırlar. Median sürətin yüksəlməsi üçün istifadəçiləri üçün yüksək sürətli tariflərə çıxışı daha sərfəli etməlidirlər. Hazırki 250 Mbit/s-lik paketlərin qiymətlərinə baxanda, Mbit/s üçün 0,14 AZN olduğunu görürük. Bu rəqəm 0,11 AZN ətrafında olmazsa, stagnasiya davam edəcək.