“Ankara ilə Bakı fikir ayrılıqlarını da danışaraq aşacaq qədər yaxındır”
“Qardaşlığın gücü hər məsələdə eyni addımı atmaq deyil”
Türkiyə-Azərbaycan münasibətləri son illərdə siyasi, diplomatik və strateji əməkdaşlığın müxtəlif istiqamətləri üzrə inkişaf edib. İki ölkə arasında qarşılıqlı əlaqələr regional məsələlər, ortaq tarix və qarşılıqlı həmrəylik kimi mövzularla yanaşı, ayrı-ayrı beynəlxalq məsələlərə dair mövqeləri də əhatə edir. Prezident Rəcəb Tayyib Ərdoğanın Anım Günü ilə bağlı Prezident İlham Əliyevə telefon zəngi də Ankara-Bakı münasibətlərinin gündəmində olduğu məqamlardan biri kimi diqqət çəkib. Lakin iki qardaş ölkə arasına nifaq salmağa çalışan bəzi qrupların sosial şəbəkələrdə yaydığı fikirlər də münasibətlərə dair müzakirələrə təsir göstərir.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner Sherg.az-a Ankara-Bakı münasibətlərini şərh edib:
"Prezident Ərdoğanın Anım Günündə Prezident Əliyevə zəng etməsi Türkiyənin Azərbaycanın şəhidlərini və ortaq tarixini unutmadığını, Türkiyənin Qarabağ məsələsində Azərbaycan xalqının yanında olduğunu bir daha göstərdi. Türkiyə-Azərbaycan münasibətləri həm ortaq tarixə, həm də regionun gələcəyinə dair strateji əhəmiyyətə malikdir. Bu telefon zəngi ilə həmçinin qardaşlığımızın bir daha xatırladıldığını söyləyə bilərik. Türkiyə-Azərbaycan münasibətləri iki dövlətin imzaladığı anlaşmalardan çox daha geniş məna daşıyır. Ankara ilə Bakı ən həssas məsələləri belə açıq şəkildə müzakirə edə biləcək qədər qardaş və bir-birinə yaxın iki paytaxtdır.Xüsusilə vurğulayaraq ifadə etmək istəyirəm ki, Türkiyə və Azərbaycan xalqları bir-birinə güvənir. Bir azərbaycanlı şəhidin adı çəkiləndə Türkiyədə də ürəklərin sızlaması bunun nəticəsidir. Bakının sevincinin Ankarada, Ankaranın ağrısının isə Bakıda əks-səda tapması da bununla bağlıdır".
Ekspert Prezident Ərdoğanın Anım Günündə Prezident Əliyevə zəng etməsinə də münasibət bildirib:
"Prezident Ərdoğanın Prezident Əliyevə zəngi “tarix boyu bir-birinə dayaq olmuş iki qardaş ölkə bir fikir ayrılığını da danışaraq aşacaq qədər bir-birinə yaxındır” mesajıdır. Bu bağın içində ortaq bir dil, bir-birinə əmanət edilmiş xatirələr və çətin günlərdə verilmiş vədlər var. 1918-ci ildə Bakıda, 2020-ci ildə Qarabağda yazılan tarix iki xalqın yaddaşında hələ də canlıdır. Fikir ayrılıqları bu bağa xələl gətirə bilməz.Bu səbəbdən Türkiyədəki bir insanın iki xalqın həssaslıqlarına hörmətlə yanaşaraq Qəzza məsələsində Azərbaycanın diplomatik seçimini tənqid etməsi də bu yaxınlıqdan irəli gəlir. Qəzza məsələsində Azərbaycanın nümayəndəsinin BMT-dəki mövqeyi hörmət çərçivəsində tənqid oluna bilər. Hətta qardaşlıq belə bir məsələdə susmağı deyil, öz düşüncəmizi dürüst şəkildə ifadə etməyi tələb edir".
Analitik qeyd edib ki, Bakının Fələstin məsələsində iki dövlətli həlli dəstəkləyən rəsmi mövqeyi də heç vaxt nəzərdən qaçırılmamalıdır:
"İnsanın ən səmimi dayağı qardaşıdır. Lakin sözügedən tənqidin həddini aşan bəzi insanlara demək istəyirəm ki, bir nümayəndənin seçimi Azərbaycan xalqına şamil edilə bilməz və iki ölkənin ortaq tarixinə də heç vaxt kölgə sala bilməz. Azərbaycanı sevən bir jurnalist olaraq bunu ifadə etmək istəyirəm ki, Ankara ilə Bakı Qəzza kimi həssas məsələlərdə fərqli mövqelərini açıq şəkildə müzakirə edə bilməlidir. Həmrəyliyin gücü hər məsələdə eyni addımı atmaqdan deyil, çətin mövzuları müzakirə edərkən də bir-birinin etimadını qoruya bilməkdən ibarətdir. Ankara-Bakı həmrəyliyinin əsl gücü məhz bundadır: İncidiyimiz zaman da danışa bilmək, fərqli düşündüyümüz zaman da bir-birimizin yanında ola bilmək".
Müsahibimiz söyləyib ki, Ankara ilə Bakının Qəzzaya humanitar yardımın çatdırılması, mülki şəxslərin qorunması və davamlı sülhün təmin olunması üçün bundan sonra da daha çox əməkdaşlıq edəcəyinə inamı tamdır:
"Qardaşlığın gücü həssas məsələləri açıq şəkildə müzakirə edib birlikdə həll yolları tapa bilməkdir. Sonda bu fürsətdən istifadə edərək Türkiyə ilə Azərbaycan qardaşlığını pozmağa çalışan trol qruplarına da mesaj vermək istəyirəm: Nəfəsinizi və klaviatura qarşısında səylərinizi boşuna sərf etməyin. Azərbaycan və Türkiyə qiyamətə qədər qardaş olaraq qalacaq".