Gürcüstanda küçə etirazları hökuməti dərhal devirə bilməyəcək - RƏY

Siyasi institutlara nəzarət güclüdür

Qonşu Gürcüstanda iqtidarla müxalifət arasında vəziyyət gərgin olaraq qalır. Gürcüstanın müxalif Federalistlər Partiyasının sədri Tamar Çerqoleişvili deyib ki, Bidzina İvanişvilinin rejimini tez bir zamanda devirmək üçün cəmi iki şey lazımdır.

Onun fikrincə, birinci yol qəti və tamamilə dinc, çevik etirazdır: "Rejimi tanımayan, onunla əməkdaşlıq etməyən və doğru anda dalğaya çevrilə bilən etiraz lazımdır. İkincisi isə siyasi alternativ və məzmundur". Çerqoleişvili hesab edir ki, 4 oktyabr seçkilərindən sonra keçirilən etiraz aksiyalarından daha effektlisini təşkil etmək mümkündür: "Ümid edirəm ki, o zaman bənzər səhvlər təkrar olunmayacaq, belə hallar rejim tərəfindən bizim ziyanımıza istifadə edilir. Artıq olanlar bəsdir, bundan çoxunu edə bilmərik, qalanını hadisələrin axını özü edəcək. İndi əsas məsələ noyabrın 28-də çoxlu insanın toplanması və rejimin istefasının tələb edilməsidir. Rejimin istefası seçkilər və siyasi məhbusların azad olunması deməkdir. Amma hadisələrin axınının rejimin dəyişməsi ilə nəticələnməsi üçün ikinci tapşırığın da yerinə yetirilməsi lazımdır. Vətəndaşlara aydın şəkildə çatdırılmalıdır ki, alternativ mövcud status-kvodan daha yaxşıdır. Burada müxalifət televiziyalarına ümid edə bilmərik, yeganə ümid odur ki, onlar o qədər zəifləməlidirlər ki, gündəliyi qarışdıra və işi korlaya bilməsinlər. Sosial şəbəkələrə isə ümid edirəm. Plan budur. Başqa plan yoxdur, qalan hər şey əbəsdir".

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a açıqlamasında deyib ki, müxalifətin küçə aksiyaları ilə hakimiyyətə təzyiq göstərməsi potensialı var. Amma ekspertə görə, "effektli olmaq" və "hökuməti devirib tam alternativ hökumət qurmaq" məsələsində müşküllər və ciddi məhdudiyyətlər var:

"Gürcüstanda hakimiyyətlə müxalifət arasında siyasi gərginlik son aylarda daha da dərinləşib və proseslər artıq klassik siyasi rəqabətdən çıxaraq sistem qarşıdurması səviyyəsinə keçib. Müxalif partiyanın lideri Tamar Çerqoleişvili etirazların genişlənməsi üçün iki əsas şərt göstərir. Rejimlə əməkdaşlıq etməyən və lazım olan anda kütləvi dalğaya çevrilə bilən etiraz modeli İvanişvili hökumətinin zəif nöqtəsinə çevrilə bilər. Gürcüstanda 28 noyabra elan olunan mitinq bu strategiyanın ilk yoxlanışı olacaq. Lakin bunlara baxmayaraq, təkcə küçə etirazları ilə hakimiyyət dəyişikliyi real görünmür. Gürcü siyasi sistemində hakimiyyət resursları tam şəkildə hakim "Gürcü Arzusu"nun əlində cəmlənib. Dövlət aparatının kontrollu olması, regionlarda sosial asılılığın yüksəkliyi və siyasi parçalanma müxalifətin imkanlarını məhdudlaşdırır". 

Analitik hesab edir ki, proseslərdə xarici faktor da mühümdür: "Qərb təzyiq göstərsə də, hazırda Gürcüstanın daxilində hökuməti dərhal devirəcək səviyyədə böhran yoxdur. Müxalifət böyük kütlə toplaya bilsə belə, bu aksiyaların davamlılığı hələ sual altındadır. Etirazların genişlənməsi daha çox sosial narazılığın dərinləşməsinə və siyasi alternativin cəmiyyət tərəfindən qəbul olunmasına bağlıdır. Hazırkı mərhələdə müxalifətin əsas problemi alternativ liderlik, vahid strategiya və koordinasiyanın olmamasıdır. Çerqoleişvili kimi sərt ritorika hökumətə təzyiq kimi anlaşılar və müxalifətin gücünün tükənməməsinə xidmət edəcək amil rolunu oynayar. İvanişvili hakimiyyəti hələ ki, özünü stabil hiss edir. Siyasi institutlara nəzarət güclüdür. Düşünürəm ki, etirazların başlanması mümkündür, lakin onların hökuməti devirmə potensialı yaxın perspektivdə yüksək deyil. Müxalifətin real uğur qazanması üçün siyasi, təşkilatlanma və ictimai dəstək baxımından ciddi boşluqları var".