Hüquq müdafiəçisi: “20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin tam bərpasını simvolizə edir”

20 sentyabr 2023-cü il Azərbaycan tarixində antiterror tədbirləri ilə yadda qalan mühüm günlərdən biridir. 44 günlük Vətən müharibəsindən ötən üç il ərzində 10 noyabr 2020-ci il Bəyanatının tələblərinə zidd olaraq erməni silahlı birləşmələrinin bölgədə qalması, silahlandırılması və mütəmadi təxribatlar törətməsi vəziyyəti gərginləşdirmişdi. 2023-cü il sentyabrın 19-da törədilən mina terroru nəticəsində mülki şəxslərin və polislərin şəhid olması isə son damla oldu. Nəhayət, Azərbaycan konstitusiya quruluşunu bərpa etmək, qanunsuz silahlı dəstələri tərksilah etmək və vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün antiterror əməliyyatlarına başladı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat iki xüsusiyyəti ilə yadda qaldı: yüksək peşəkarlıq və humanitar yanaşma. Əməliyyat zamanı mülki əhaliyə zərər vurulmaması əsas prioritet idi. Əhali SMS, səsgücləndirici və vərəqələr vasitəsilə əvvəlcədən xəbərdar edildi, ehtiyacı olanlara tibbi yardım göstərildi.

Artıq sentyabrın 20-də saat 13:00-da qeyri-qanuni silahlı dəstələr ağ bayraq qaldıraraq təslim oldu. Bundan bir neçə gün sonra - sentyabrın 28-də qondarma rejim özünü buraxdığını elan etdi. Oktyabrın 15-də Prezident İlham Əliyevin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə Azərbaycan bayrağını qaldırması isə suverenliyin bütün ərazilərdə bərpasının rəmzinə çevrildi.

19-20 sentyabr əməliyyatı bununla da regionda yeni reallıq yaratdı - separatizmin kökü kəsildi, Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub və davamlı sülh üçün real zəmin yaranıb.

Qeyd edək ki, bu tarixi hadisədən sonra 20 Sentyabr Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu gün kimi tarixə düşdü. Prezident İlham Əliyevin Sərəncamı ilə 20 Sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi isə bu tarixi hadisənin dövlətçilik tariximizdəki əhəmiyyətini bir daha təsdiqlədi.

 Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə Sherg.az-a açıqlamasında 20 Sentyabr tarixinin Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasını simvolizə edən əlamətdar günlərdən biri kimi dəyərləndirib. Prezident İlham Əliyevin Sərəncamı ilə iki idir ölkəmizdə 20 Sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunduğunu xatırladan Ç. Qənizadə qeyd edib ki, Azərbaycanın dövlət suverenliyi xalqımızın ən böyük sərvəti, yaddaşlara əbədi həkk olunan nailiyyəti və gələcək inkişafımızın yol xəritəsidir:

"Dövlət suverenliyimiz yalnız müstəqilliyin elan olunması ilə məhdudlaşmır. Bu, həm də ölkəmizin mövcudluğunun və institusional davamlılığının əsasını təşkil edir. 2020-ci ilin noyabrında ölkəmiz Ermənistan və onun havadarları üzərində tarixi qələbə çaldı. Üç il sonra - 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsində həyata keçirilən lokal xarakterli antiterror əməliyyatı zamanı erməni diversiya qruplarının darmadağın edilməsi ilə ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu".

Hüquq müdafiəçisinin sözlərinə görə, hər bir müstəqil dövlət xarici qüvvələrin təsiri olmadan sərbəst qərar qəbul etmək gücünə malikdir:

"Dövlət suverenliyi anlayışı hər bir xalqın azad yaşamaq, öz gələcəyini sərbəst müəyyənləşdirmək və milli maraqlarını müdafiə etmək hüququnun ən ali ifadəsidir. Suverenlik dövlətin həm daxili, həm də xarici siyasətdə müstəqilliyini təsbit edir, həmçinin onu başqa dövlətlərdən və hər hansı xarici təsirlərdən, asılılıqdan xilas edir. Müstəqilliyi əldə etmək çox çətin, lakin şərəfli bir yoldur. Hər xalqa özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətdir. Bu tarixi uğuru məhz Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Ordumuz əldə etdi. Azərbaycanın əsrlər boyunca qarşılaşdığı ədalətsizlik, haqsızlıq, ikili siyasət, beynəlxalq təşkilatların siyasi riyakarlığı dünya ictimaiyyətinə də bəlli idi. Lakin dövlətimizin başçısının əzmlə, səbrlə, böyük iradə ilə həyata keçirdiyi daxili və xarici siyasət bütün bunlara son qoydu”.

Ç. Qənizadə Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamdan bəzi məqamları da diqqətə çatdırıb:

“Sərəncamda qeyd edilib ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməyib. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. Dövlətimizin suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü qorumaq hər bir Azərbaycan vətəndaşının ən müqəddəs mənəvi borcu və konstitusion vəzifəsidir. Bu amal uğrunda birləşmək, tariximizə, şəhidlərimizin qanına və gələcək nəsillərin azadlığına olan hörmətin ən ali ifadəsidir”.