Rusiyanın dağılması başlayır? - Avropa artıq gizli ssenariləri işə salıb

  •   "Yaralı ayını özbaşına buraxmaq təhlükəlidir. Digər tərəfdən kim qarantiya verər ki, Rusiyanın qorxunc, dağıdıcı silahları sabah hansısa vilayətdə, muxtar respublikada səhra komandirlərinin əlinə keçməyəcək"

Qərb dövlətləri Rusiyanı necə görmək istəyir? Gücdən düşmüş, parçalanmış, uzun illər hərbi infrastrukturuna qadağa qoyulacaq və nəhayət tam asılı vəziyyətə düşmüş vəziyyətdə.

Bu barədə “Sherg.az”a açıqlamasında Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli Qərbin Rusiya ilə bağlı planları barədə danışarkən bildirdi. Birlik sədri qeyd etdi ki, Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir: 

- Rusiya-Ukrayna müharibəsinin hələ ki sonu görünmür. Amma nəhəng bir imperiyanın sonu görünür. Qəhrəman Ukrayna xalqının əzmkarlığı, güclü bir düşmənə qarşı sözün əsl mənasında döyüşkən ruhu müharibənin gedişinə çox ciddi təsir göstərib. Nəhayət ki, ukraynalıların döyüş taktikasını düzgün dəyərləndirən Avropa analitikləri, məsul şəxsləri strateji hədəflərinə çatmaq və Moskvanın təhdidlərindən qurtulmaq üçün Ukraynaya hərtərəfli dəstəklərini əsirgəmirlər. Görünən odur ki, kollektiv Qərbin strateji hədəfi Rusiyanı tamamilə taqətdən salmaq və uzun illər dünya üçün mövcud olmuş təhdidləri aradan qaldırmaqdır. 

Ə.Bəydəmirli qeyd etdi ki, bəlkə də Rusiyanın mərhələlərlə çöküşü ilə bağlı Avrapanın beyin mərkəzlərinin ssenariləri var: 

- Çünki yaralı ayını özbaşına buraxmaq təhlükəlidir. Digər tərəfdən kim qarantiya verər ki, Rusiyanın qorxunc, dağıdıcı silahları sabah hansısa vilayətdə, muxtar respublikada səhra komandirlərinin əlinə keçməyəcək. O baxımdan belə imperiyaların çöküşü təhlükəli proseslərə yol aça bilər. Vaxtılə Osmanlı İmperiyası da çökdü. Yerində Türkiyə kimi müasir tipli dövlət yarandı. Ötən əsrin sonlarında Yuqoslaviya Federativ Respublikası dağıldı. Yerində 7 müstəqil dövlət yarandı. Rusiyanın necə çökəcəyi, yerində hansı dövlətlərin yaranacağı bəlli deyil. Amma o bəllidir ki, Rusiya Ukrayna müharibəsi kulminasiya nöqtəsinə çatır. Qənaətimcə, gücdən düşmüş, parçalanmış, uzun illər hərbi infrastrukturuna qadağa qoyulacaq və nəhayət tam asılı vəziyyətə düşən Rusiyanı görmək Qərbin hədəfləri ola bilər. Digər tərəfdən ehtimal etmək olar ki, Rusiya hakimiyyətinin içində Qərblə sövdələşməyə gedən qüvvələr ola bilər. Bütün hallarda proseslər onu göstərir ki, Rusiya Ukrayna müharibəsi dünyanın və regionun arxitekturasını dəyişməkdədir.