Siyasi şərhçi: "Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək"


"Orta Dəhlizin əsas arteriyalarından biri hesab olunan Zəngəzur dəhlizi təkcə türk dövlətləri üçün deyil, həm də Qafqaz regionu ölkələri, İran və Avropa İttifaqı daxil olmaqla digər dövlətlər üçün də böyük əhəmiyyət daşıyır"

"Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək".

Bunu "Sherg.az"a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Zeynal Fətullayev deyib. 

Ekspert bildirib ki, son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırmaqdadır: 

"Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək Naxçıvan Muxtar Respublikası və daha sonra Türkiyəni birləşdirəcək yeni dəhliz regionun nəqliyyat sektorunda olduqca böyük imkanlar yaradacaq. Zəngəzur dəhlizindən istifadə türk dövlətləri arasında təkcə iqtisadi-ticari əlaqələrin deyil, eyni zamanda, mənəvi, mədəni, siyasi birliyin daha da güclənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi geniş mənada türk dünyasını birləşdirəcək. Orta Dəhlizin əsas arteriyalarından biri hesab olunan Zəngəzur dəhlizi təkcə türk dövlətləri üçün deyil, həm də Qafqaz regionu ölkələri, İran və Avropa İttifaqı daxil olmaqla digər dövlətlər üçün də böyük əhəmiyyət daşıyır. Bu, Asiya ilə Avropa arasında nəqliyyat dəhlizinin formalaşması ilə bağlıdır. Bu dəhlizin gerçəkləşməsi nəticəsində nəqliyyat potensialı ikiqat artacaq, yükdaşımalar üçün məsafə isə daha qısa olacaq".