Rauf Ağamirzəyev: “Nəqliyyat kommunikasiyalarının açılması davamlı sülhün təməli ola bilər”
Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində görüşləri başa çatdı. Bu görüşlər sülh sazişinin imzalanması, regionda kommunikasiya xətlərinin qurulması, iqtisadi artıma nə dərəcədə töhfə verəcək.
“Sülh Körpüsü” təşəbbüsü çərçivəsində ictimaiyyət nümyəndəsi olaraq görüşlərdə iştirak edən nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, bu görüşlər dialoqdan konkret əməkdaşlığa doğru atılan ciddi addımlardır:

- Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində beşinci görüşü keçirildi. Təxminən 60 nəfərin iştirak etdiyi, iki gün davam edən müzakirələr əvvəlki görüşlərlə müqayisədə həm iştirakçıların sayı, həm də müzakirələrin əhatə dairəsi baxımından daha məhsuldar oldu. Altı istiqamət üzrə – iqtisadiyyat və infrastruktur, humanitar məsələlər, ekologiya, media, təhsil və gənclər, siyasi və geosiyasi məsələlər üzrə komitə müzakirələri aparıldı. Ermənistanın rəsmi nümayəndələri ilə də birbaşa fikir mübadiləsi imkanı yarandı.
İqtisadiyyat və nəqliyyat komitəsinin işində iştirak etdiyini vurğulayan R.Ağamirzəyev qeyd etdi ki, xüsusilə nəqliyyat sahəsində müsbət dinamika görünür:
- TRIPP marşrutu üzrə praktiki işlərin artıq başlanması regional bağlantıların gələcəyi baxımından ümidvericidir. Növbəti görüşlərdə bu marşrutun hər iki ölkənin ərazisindəki hissələrinə yerində baxış keçirilməsini faydalı hesab edirəm. Bu, görülən işləri, infrastrukturun vəziyyətini və gələcək imkanları qarşılıqlı şəkildə daha yaxşı qiymətləndirməyə şərait yaradacaq. Mənim üçün bu görüşün əsas nəticəsi dialoqun tədricən daha konkret məsələlərə və praktiki təşəbbüslərə keçməsidir. Əvvəlki görüşlərlə müqayisədə iştirakçıların genişlənməsi, müzakirələrin dərinləşməsi və yeni ideyaların ortaya çıxması müsbət dinamikanın göstəricisidir. Əlbəttə, qarşılıqlı etimad bir gündə formalaşmır. Bunun üçün ardıcıl dialoq, açıq müzakirələr və real əməkdaşlıq lazımdır. İnanıram ki, iqtisadi əlaqələrin genişlənməsi, nəqliyyat kommunikasiyalarının açılması və insanlar arasında birbaşa təmasların artması davamlı sülhün möhkəm təməlinə çevrilə bilər. Bu prosesdən həm Azərbaycan, həm də Ermənistan cəmiyyəti fayda görməlidir. Vurğulamaq istərdim ki, sülh yalnız siyasi razılaşma deyil, həm də region üçün yeni iqtisadi və nəqliyyat imkanları deməkdir.