Trampla münasibəti korlanan ölkələr: “Təhlükəsizlik çətiri” axtarırlar - ŞƏRH

Avropa ölkələri, ABŞ təhdidinə qarşı “silahlanma kompaniyası”na başlayıblar

İran, ABŞ və İsrail arasında alovlanan müharibə bir aydır ki, səngimək bilmir. Artıq tərəflər bir-birini “müdafiə zirehini” deşmək üçün təhsil müəssisələri də daxil olmaqla mühüm mülki obyektləri hədəfə alır. Gərginləşən proseslər toqquşmanın nüvə müharibəsinə çevrilmə ehtimalını artırır. ABŞ prezidenti Donald Trampın nüvə sınaqlarının bərpası ilə bağlı bəyanatı qlobal təhlükəsizlik risklərinin gündəmdə olduğunu ortaya qoydu. Bununla paralel olaraq, İran parlamentində, “Nüvə silahının yayılmaması haqqında” müqavilədən çıxma ehtimalı müzakirə edilir. "Bloomberg"in məlumatına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatı, nüvə silahlanması yarışının yeni mərhələsinə səbəb ola bilər. Nəşr yazıb ki, Avropadan Asiyaya qədər bir sıra ölkələr nüvə arsenallarının inkişafı imkanlarını müzakirə edirlər. Xüsusilə, Polşa və Almaniyanın, Fransanın Avropada “nüvə çətiri” konsepsiyasını genişləndirmək təşəbbüsünə dəstək verməsi, regionda təhlükəsizliklə bağlı narahatlıqların artdığını göstərir.

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov Sherg.az-a bildirib ki, hazırkı mərhələdə dövlətlərin nüvə silahından istifadə etməsi üçün tutarlı səbəb yoxdur:

“Sadəcə rəqib ölkələr nüvə silahının adından istifadə edərək bir-birinə gözdağı verməyə çalışırlar. Xüsusən də Rusiya və ABŞ-nin nüvə sınaqlarının bərpası ilə bağlı verdiyi bəyanatlar diqqət çəkir. Lakin hər kəs bilir ki, bunlar informasiya müstəvisində səsləndirilən təhdid xarakterli bəyanatlardır. Hazırda Vaşinqtonun İrana qarşı əməliyyatlarda nüvə silahının tətbiqi üçün heç bir siyasi-hərbi əsas yoxdur. ABŞ lideri, nüvə sınaqları ritorikasını önə çəkməklə, İranı qorxuya salmaq istəyir”. 

Politoloqun sözlərinə görə, texnalogiya erasında, hərbi üstünlüyə sahib olan dövlətlər arasında yarış gedir:

“Bu yarışın ABŞ-İran-İsrail münaqişələri fonunda qorxunc nəticələrə səbəb olduğunun şahidi oluruq. Artıq maraqlarını təmin etməyə çalışan ölkələr, texnaloji resursları işə salmağa başlayıblar. Hegemon dövlətlərin texnoloji üstünlüyü beynəlxalq hüquq anlayışını kölgədə qoyur. Bəzi dövlətlər hüquq normalarına və sərhəd toxunulmazlığı prinsipinə məhəl qoymurlar. ABŞ və İsrailin İran ərazisinə hücumu beynəlxalq hüququn pozulmasına bariz nümunədir”. 

Z.Məmmədovun fikrincə, Trampla münasibəti korlanan ölkələr, müdafiə olunmaq üçün “təhlükəsizlik çətiri” axtarırlar:

“Xüsusən də Avropa ölkələri, ABŞ təhdidinə qarşı “silahlanma kompaniyası”na başlayıblar. Bu istiqamətdə ən güclü ölkə Fransa olduğuna görə digər ölkələr də onun çətiri altına yığılmağa üstünlük verirlər. Lakin bunların real nəticəsi olmayacaq. Çünki Fransa prezidenti Emmanuel Makron o vaxta qədər hakimiyyətdən gedəcək. O gedəndən sonra yeni liderin hansı istiqamətə yönələcəyi sual altındadır. Bununla belə, Fransa mövcud şərtlər daxilində, Avropanın hərbi təhlükəsizliyini təkbaşına təmin etmək potensialına malik deyil”.