
Türk dünyası yeni güc mərkəzinə çevrilir -ŞƏRH
Türk dövlətləri ortaq ordu və təhlükəsizlik modelinə doğru irəliləyir
Telman Nüsrətoğlu: “Bütün sahələri əhatə edəcək Türk Dünyası Universiteti qurmalıyıq”
Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü keçirilib. Zirvə görüşünün yekununa dair Bəyannamə imzalanıb. Sammitdə TDT+ formatının yaradılması barədə qərar qəbul edilib. TÜRKSOY-un gücləndirilməsi və genişləndirilməsi razılaşdırılıb. Həmçinin, TDT-yə sədrlik Azərbaycana keçib. XXI əsrin siyasi coğrafiyası yeni güc mərkəzlərinin formalaşması və regional ittifaqların qlobal sistemdə çəkisini artırması ilə xarakterizə olunur. Bu reallıq fonunda Türk Dövlətləri Təşkilatı (TDT) yalnız ortaq etnik və mədəni köklərə əsaslanan birlik modeli deyil, həm də siyasi suverenliklərin sinxronlaşdırıldığı, iqtisadi sinerji yaradıldığı və ortaq təhlükəsizlik müstəvisində strateji koordinasiyanın qurulduğu çoxölçülü platforma kimi ön plana çıxır. Bu təşkilat artıq yalnız mədəni birliyi deyil, həm də qlobal geosiyasi aktor kimi formalaşmaqda olan strateji müttəfiqlik modelini ifadə edir. TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Bildiyimiz kimi, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olub, sonradan Özbəkistan 2019-cu ildə üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Cümhuriyyəti (2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib. Son illərdə TDT-nin sürətli genişlənməsi onu ənənəvi regional birliklərdən fərqləndirir. Artıq gündəlikdə təkcə mədəni və humanitar məsələlər deyil, strateji təhlükəsizlik, enerji siyasəti, texnologiya, nəqliyyat-logistika, kənd təsərrüfatı, kosmik tədqiqatlar və qlobal ticarət yolları üzərində nəzarət kimi məsələlər də yer alır. Azərbaycan TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rol oynayıb. Prezident İlham Əliyevin “Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikirləri Azərbaycanın bu birliyə verdiyi mənəvi və strateji dəyərin ən bariz ifadəsidir. Prezident bu sözləri 2024-cü il fevralın 14-də andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya göstərmiş oldu. Təşkilatın digər üzvləri də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir. Yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Ötən ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın ideoloji liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Həmçinin 2024-cü ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.
Xəzər Universitetinin Tarix və arxeologiya departamentinin müdiri, tarix elmləri doktoru, siyasi şərhçi Telman Nüsrətoğlu Sherg.az-a deyib ki, türk xalqlarının ən böyük tədqiqatçılarından olan fransız Jan-Pol Ru "Sakit okeanından Aralıq dənizinə 2000 il" adlı əsəri var. Orada açıq şəkildə qeyd edir ki, dünya tarixindən türklərin tarixini çıxarsaq, tarix boşalar. Rus tarixçi V.Bartoldun da bənzər fikri var. Alimin sözlərinə görə, ümumiyyətlə, nə Çinin tarixini hunlar, göytürklər olmadan anlamaq, nə də İranın tarixini türklərsiz idrak etmək mümkündür:

"Avropa, Asiya və Afrikada əsrlər boyu qitələrdən qitələrə yürümüş türk ordularından bəhs olunur. Türklər hər zaman insanlığa verdikləri böyük töhfələrlə yad edilir. Hər millətin tarixində yüksəliş dövrləri ilə yanaşı, geriyə gedişlər, durğunluq dövrləri də olur. Tarix elə gətirdi ki, XVIII sonu, XX əsrin əvvəllərində həm Cənubi Qafqazda, həm Anadoluda, həm də Türküstanda imperializm siyasətinə məruz qaldıq. Biz artıq durğunluq mərhələsini geridə qoymuşuq, irəliyə dorğu addımlayırıq. Bir məqamı qeyd etmək istərdim ki, çarlıq dönəmindən etibarən bütün birlik təşəbbüslərinin məkrəzində daim Azərbaycan türkləri olub, bu istiqamətdə çox mühüm rol oynayıblar. 1905-ci ildə çarlıq istibdadının təzyiqləri altında Birinci Rusiya Müsəlmanları Qurultayı keçirilməyə çalışıldı. Onun da təşəbbüskarı Azərbaycan ziyalıları idi. Çarlıq rejimi bu qurultaya imkan vermirdi. Bir gəmini kirayələyərək qurultayı orada təşkil etmişdilər. "Dildə, fikirdə, işdə birlik" şüarının müəllifi, türk dünyasının böyük ziyalısı İsmayıl bəy Qaspıralının açılış nitqindən sonra qurultaya sədarət Əlimərdan bəy Topçubaşova verildi. Bakı, İstanbul və Kazan həmin dövrdə milli mücadilənin, milli məfkurənin, aydınlanmanın əsas mərkəzləri idi. Bakı İstanbulla çox sıx əlaqədə idi. Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Türkiyədə öz fəaliyyətləri, Məhəmməd Əmin Rəsulzadə İrandakı fəaliyyəti ilə, cəmiyyətlərin qurulması, mətbuat nümunələrinin nəşri ilə bütövlükdə geniş bir düşüncənin təmsilçiləri olduqlarını göstərdilər. Böyük bir milləti yenidən diriltmək, birliyini təmin etmək çox önəmli idi. Çünki bizi parçalayıb hökm etmək, birliyimizin qarşısını almaq istəyirdilər".
T.Nüsrətoğlu qeyd edib ki, 1926-cı ildə Bakıda türk xalqlarının qurultayı keçirildi və bu işin də mərkəzində Azərbaycan ziyalıları dururdu:
"2009-cu ildə Naxçıvanda türk dövlətlərinin birliyi, sonrakı adı ilə Türk Dövlətləri Təşkilatı quruldu. 2019-cu ildə Bakıdakı Sammitdə Özbəkistan TDT-yə üzv oldu. 2020-ci ildən sonra, yəni Azərbaycan Qarabağ Zəfəri bütün türk xalqlarına bir ilham qaynağı oldu. Bütün məzlum xalqlar üçün bir Zəfər modeli ortaya qoyuldu. Təbii ki, burada Azərbaycan-Türkiyə tandemini, siyasi liderliyi, zəkanı vurğulamaq lazımdır. Cənab Prezidentimiz TDT-nin daha güclü təşkilat kimi ön plana çıxarılması üçün çoxsaylı təkliflər verib, onları reallaşdırıb. Hazırda gündəm Qəbələ Sammiti və təhlükəsizlikdir. Sülhün təmin edilməsi üçün güc, ordu lazımdır. Gücə dayanmayan ədalət aciz, ədalətə dayanmayan güc zalımdır. Türk dövlətləri, türk dünyası öz birliyi ilə zalımların qarşısında duruş gətirməliyik".
Alim diqqətə çatdırıb ki, elə bir əsrdə yaşayırıq ki, sürətlə dəyişən informasiyaların içərisindəyik və texnoloji üstünlük müasir dönəmə yön verir:
"Türk Dövlətləri Təşkilatının insan potensialı, alimlərimizin çoxluğu imkan verir ki, bütün sahələri əhatə edəcək bir Türk Dünyası Universiteti quraq. Bir-birimizi tanımağımız çox önəmlidir, hələ müəyyən məsafələr var. Qurumlar arasında güc birliyinin formalaşması, əməkdaşlığın sıxlaşdırılması, potensialın aktiv gücə çevrilməsi çox önəmlidir. Azərbaycan və Türkiyə orduları rahat şəkildə birgə təlimlər keçirirlər. Bu təlimlərdə Mərkəzi Asiya ölkələri də iştirak etməlidir. Bu istiqamətdə əməkdaşlıq modelləri ortaya qoyulmalıdır. Ortaq əlifba, ortaq dil, ünsiyyət məsələsi də olduqca vacibdir. Bu məsələləri həll etməliyik ki, bu, sadəcə 300 milyonluq türk dünyasının dili olmasın, bir dünya dili halına gəlsin. Elmin, texnologiyanın dili olsun. Ən azından öz aramızda, bir-birimizlə ünsiyyətdə olarkən ortaq türk dilində danışaq".