Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Yazıçı Sevinc Elsevər uşaqlara oxu çağırışı edib
Texnologiya yox, kitab xəyal gücünü oyadır
“Müasir uşaq yazıçıları texnologiya ilə yarışmalıdır”
Uşaqların mənəvi-fiziki inkişafı cəmiyyətin əsas prioritetlərindən biridir. Sağlam düşüncəyə və güclü bədənə malik nəsil yetişdirmək hər bir xalqın gələcəyinin təminatıdır. Uşaqların tərbiyəsi, onların düzgün istiqamətləndirilməsi və dəyərlərlə böyüməsi dövlətin, ailənin və təhsil sisteminin mühüm vəzifələrindən biridir. Bu baxımdan, uşaq ədəbiyyatının rolu danılmaz dərəcədə böyükdür.
Uşaq ədəbiyyatı təkcə bilik və məlumat mənbəyi deyil, həm də uşaqlarda mənəvi dəyərləri formalaşdıran, onları mərhəmət, dostluq, əməksevərlik, ədalət, insanpərvərlik və vətənpərvərlik kimi keyfiyyətlərə yönəldən mühüm tərbiyə vasitəsidir. Yaxşı uşaq kitabı uşağın düşüncə tərzini zənginləşdirir, onun dünyagörüşünü genişləndirir, həyatı dərk etməsinə, insan münasibətlərində incəlikləri hiss etməsinə kömək edir. Ədəbiyyat vasitəsilə uşaq öz daxili aləmini tanıyır, hiss və düşüncələrini ifadə etməyi öyrənir, bu da onun emosional sabitliyinin və psixoloji sağlamlığının formalaşmasına şərait yaradır.
Eyni zamanda, uşaq ədəbiyyatı uşaqlarda təfəkkürün, diqqətin və təsəvvürün inkişafına təkan verir. Oxuduğu əsərlərdəki hadisələr və qəhrəmanlar vasitəsilə uşaq həm yaxşı ilə pisi, doğru ilə yanlışı ayırmağı öyrənir, həm də həyatın müxtəlif çalarlarını duymağa başlayır. Bu, onun sosial adaptasiyasına, yaradıcılıq bacarığının və müstəqil düşünmə qabiliyyətinin formalaşmasına xidmət edir.
Bundan əlavə, uşaq ədəbiyyatı uşaqların fiziki inkişafına da dolayı yolla təsir göstərir. Əməksevərlik, idman, təbiət sevgisi və sağlam həyat tərzini təbliğ edən əsərlər uşaqlarda hərəkətə, fəaliyyətə və məqsədyönlü olmağa maraq oyadır. Bu da sağlam bədənlə sağlam ruhun vəhdətini təmin edən mühüm amillərdəndir.
Beləliklə, uşaq ədəbiyyatı uşaqların həm mənəvi, həm də fiziki inkişafında mühüm rol oynayır, onların şəxsiyyət kimi formalaşmasında əvəzsiz yer tutur. Gələcəyin kamil insanını yetişdirmək üçün ədəbiyyatın gücündən düzgün istifadə etmək cəmiyyətin ən məsuliyyətli vəzifələrindən biri sayılmalıdır.
Uşaqların mənəvi inkişafı cəmiyyətin gələcəyini müəyyən edən ən mühüm istiqamətlərdən biridir. Bu inkişafın təminində təkcə ailə və məktəb deyil, həm də mədəni-maarif müəssisələrinin və ədəbi mühitin rolu böyükdür. Xüsusilə uşaq ədəbiyyatına həsr olunan görüş və müzakirələr gənc nəslin mənəvi tərbiyəsində, dünyagörüşünün formalaşmasında mühüm əhəmiyyət kəsb edir. F.Köçərli adına Respublika Uşaq Kitabxanasında müasir uşaq ədəbiyyatının tanınmış simaları ilə gənclərin iştirakı ilə keçirilən ədəbi müzakirə bu baxımdan diqqətəlayiqdir. Belə tədbirlər uşaqlarda ədəbiyyata marağı artırmaqla yanaşı, onlarda vətənpərvərlik, mərhəmət, əməksevərlik, məsuliyyət kimi dəyərlərin formalaşmasına şərait yaradır. Yazıçı və oxucu arasında canlı ünsiyyətin qurulması, fikirlərin və ideyaların paylaşılması uşaqların emosional zənginliyini, düşüncə mədəniyyətini və mənəvi kamilliyini inkişaf etdirən mühüm bir prosesdir. Buna görə də bu cür ədəbi müzakirələr həm uşaqların tərbiyəsində, həm də cəmiyyətin mədəni potensialının güclənməsində əvəzsiz rol oynayır.
Qeyd edək ki, Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında çağdaş uşaq ədəbiyyatı nümayəndələri ilə BDU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsinin 4-cü kurs "Sabah" kursunun tələbələri arasında görüş keçirilib, müasir uşaq ədəbiyyatı ətrafında müzakirə təşkil olunub.
Tədbirdə yazıçılarla gənclər bir-birinə ədəbiyyata, müasir uşaq ədəbiyyatının problemlərinə dair suallar ünvanlayıb, qarşılıqlı cavablar axtarıblar.
Belə görüşlərin uşaq ədəbiyyatının inkişafında vacibliyini vurğulayan kitabxananın direktoru Şəhla Qəmbərova bu cür diskussiyaların həm də gənclərin dünyagörüşündə əhəmiyyətli rola malik olduğunu bildirib.
Görüşün təşkilatçılarından filologiya üzrə fəlsəfə doktoru, BDU-nun müəllimi, dosent Aygün Bağırlı uşaqlar üçün yazılmış əsərlərin tərbiyəvi və mənəvi dəyərlər aşılamasının vacibliyini vurğulayaraq bildirib ki, uşaqlar üçün əsərlər çap olunanda xüsusi nəzarətdən keçməlidir.
“Ədəbiyyatın insan həyatında rolu və əhəmiyyəti nədir?”, “Müasir gənclərdə mütaliəyə necə həvəs oyatmalı?”, “Uşaqlara kitabı necə sevdirməli” kimi suallara cavab axtaran tədbir iştirakçıları bir-birindən maraqlı fikirlər səsləndiriblər. Gənclərin bu suallar ətrafındakı cavablarını tanınmış uşaq yazarları həvəslə dinləyiblər.
Müzakirədə müasir uşaq ədəbiyyatının ən qocaman nümayəndəsi Zahid Xəlil, tanınmış pedaqoq-şair İbrahim Yusifoğlu, yazıçılar Mehriban Nağıyeva, Sevinc Elsevər, Nurlana İşıq, Gülzar İbrahimova, filologiya üzrə fəlsəfə doktoru, dosent Günay Qarayeva maraqlı çıxışlar edərək, ədəbiyyatın insanın müasir həyatında rolu, onun xəyal gücünün formalaşmasında, hətta elmi yeniliklərin, texnologiyaların inkişafına təsiri barədə danışıblar.
Müzakirə zamanı, həmçinin Respublika Uşaq Kitabxanasının bu sahədə həyata keçirdiyi layihələr, o cümlədən kitabların süni intellekt texnologiyalarına əsaslanan videoicmalları barədə məlumat təqdim olunub.
Tədbirin sonunda müəlliflərlə tələbələr şəkillər çəkdiriblər. Yazıçılar öz kitablarından nüsxələri gənc oxuculara hədiyyə ediblər.
Sözügedən tədbirin uşaqların fiziki-mənəvi inkişafına təsiri barədə Sherg.az-a danışan yazıçı Sevinc Elsevər qəzetimiz vasitəsilə görüş üçün fürsət yaradan, dəvət edən BDU-nun müəllimi, dəyərli alim, tədqiqatçı Aygün Bağırlıya təşəkkür edib:
“BDU-nun filologiya fakültəsinin tələbələri ilə görüşdük və gənclərlə çağdaş uşaq ədəbiyyatını müzakirə etdik. Elə konkret bu problemlərə toxunduq ki, gənc nəslin, uşaqların diqqətini necə ədəbiyyata yönəltmək olar? Həm gənclərin, həm yazıçıların maraqlı yanaşmaları, fikirləri oldu. Axırda bu fikrin üstündə dayanıldı ki, müasir texnoloji vasitələrdən nə qədər çox istifadə etsək də, ənənəvi kitab oxumağın faydaları daha çoxdur. Şəxsən mənim qənaətimə görə, kitabı dinləməkdənsə, toxunmaq, gözlərinlə oxumaq daha yaxşıdır. Süni intellektlə illüstrasiyalar canlandırıla bilər. Bu ola bilsin, uşaqların diqqətini də cəlb edər. Amma bəs onların öz xəyal gücləri o zaman inkişaf edər ki, onlar qəhrəmanları, hadisələri özləri xəyal etsinlər, xəyallarında canlandırsınlar. Biz çalışmalıyıq ki, ənənəvi kitaba qayıdış olsun. Uşaqlar kitabdan zövq almağı öyrənsinlər. Süni intellekt, rəqəmsal texnologiyalar bu yolda vasitə ola bilər. Amma əsla kitabın əvəzedicisi olmamalıdırlar”.
O ki qaldı yazıçının bu sahədə roluna, S.Elsevər qeyd edib ki, yazıçı ilk növbədə maraqlı, yaxşı yazmalıdır:
“Müasir uşaqların diqqətini cəlb etmək çox çətindir. Uşaq yazıçıları əxlaqi-mənəvi məsələləri arxa plana atmamaq şərti ilə həm də modern texnologiyalarla yarışacaq mətnlər ortaya qoymaq məcburiyyətindədir. Çevik, dinamik düşünməli, zamanın nəbzini tutmalısan”.