1-3 qəpiyə yumurta necə satılır? - İqtisadçı sirri açdı

  • "Ucuz yumurtalar istifadə müddətinin sonuna yaxın məhsullar ola bilər”

Marketlərdə yumurtanın qiyməti kəskin enib. Yumurtanın qiymətinin 2-3 qəpik olması tən əsrə aid xatirə hesab ediləb bilər. Amma, indi bu reallıqdır.

Paytaxt marketlərində broyler yumurtası 2-3 qəpiyə, bəzilərində hətta 1 qəpikdən satışa qoyulub. Bu məzmunlu elanlar sosial şəbəkələrdə də tirajlanır:

“Hacıqabul ağ yumurta - 94% endirimlə cəmi 0.01 qəpik. Hacıqabul qəhvəyi yumurta - 84% endirimlə cəmi 0.03 qəpik. Qeyd: Məhsul məhdud saydadır. Təklif yalnız 19-21 İyun tarixlərində keçərlidir”.

Yumurtanın qiyməti nədən, hansı səbəblərdən kəskin ucuzlaşıb, demək olar havayı satılsın ki?

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında 1-3 qəpiyə satılan yumurtaların isifadə müddətinin bitməsinə az qalmış, köhnəlmək üzrə olan məhsul ehtimalını irəli sürdü: 

- Yumurtanın saxlanma dərəcəsi maksimum 20-dir. 15-18, bəzi hallarda 2-6 dərəcə temperaturda da saxlanılır. Temperatur nə qədər soyuq olarsa, yumurta bir o qədər uzun müddət saxlana bilir. Yumurta soyuducuda 2 - 6 dərəcə arasında saxlanırsa, saxlanma müddəti 25 gündür. Amma açıq havada yumurtanı uzun müddət saxlamaq mümkün deyil. Məsələ bununla bağlıdır ki, yumurta istehsalçılarının məhsulu uzun müddət saxlamaq üçün kifayət qədər soyuducuları yoxdur, buna görə də məhsul tez sıradan çıxır. İndi havalar istidir, yaydır, yumurta soyuducuda saxlanmasa xarab olacaq. Ona görə də istehsalçı məcburdur ki məhsul xarab olmasın, atılası olmasın deyə onu ucuz qiymətə də olsa satsın. Bu məqsədlə də marketlərlə endirim kampaniyaları təklif olunur, çalşırlar istehsal edilmiş yumurtaların saxlanma müddəti tam başa çatmamış, istifadə müddəti tam bitməmiş yumurtalar satılsın. Çünki bir az daha qalsa, atılası olacaq. İstehsalçı ziyana düşəcək. Heç olmazsa, ucuz qiymətə satmağa çalışırlar. Alıcı cəlb etmək üçün belə endirim kampaniyaları təşkil edilir. 

İqtisadçı qeyd etdi ki, bəzi hallada yumurtanın üzərindəki istehsal tarixi onun həqiqi istehsal tarixi deyil, soyuducudan çıxarıldığı tarix olur. Yəni, yumurtanın üzərindəki tarix soyuducudan çıxarıldığı tarixi göstərir, istehsal tarixini deyil. Alıcı isə bunu bilmir. İstehsalçılar belə bir fənd işlədərək məhsulun istehsal tarixini soyuducudan çıxarıldığı tarixdən hesablayırlar. Son isitifadə müddətinin başa çatmasına az qalmış satışa çıxarırlar. Amma yumurtalarda xarabolma prosesi gedir artıq. Bunu alıcı hiss eləmir, baxır tarixə və alır. İstehsalçı məhsulun soyuducuda saxlanmasına əlavə xərc çəkir deyə, soyuducudan tez çıxarmağa çalışır. Həmin tarixi də məhsulun üzərinə qeyd edir. Beləcə alıcılar aldadılır.