Sosioloq: "Bu kampaniya, doğrudan da, çox maraqlı və qeyri-adi bir təşəbbüsdür"
“Əslində, kapitalizmin “daha çox performans, daha az fərdi xüsusiyyət” prinsipinin bir təzahürüdür - insanı bir növ məhsula çevirən və onun dəyərini yalnız fiziki göstəricilərlə ölçən sistemin eybəcərliyidir”
“Arıqla və pul qazan” adlı çəki itirmə çağırışı sosial şəbəkələrdə sürətlə populyarlaşaraq 6,5 milyondan çox baxış toplayıb. Çinin tanınmış kamera və stabilizator istehsalçısı "Insta360" şirkəti əməkdaşları üçün qeyri-adi təşəbbüsə imza atıb. Şərtlərə görə, hər bir əməkdaş 0,5 kq çəki azaltdığına görə 500 yuan, təxminən 119 manat mükafat alır. Əksinə, əgər işçi eyni miqdarda kökəlirsə, o zaman 800 yuan, təxminən 184 manat məbləğində cərimələnir. Hazırda layihədə 99 əməkdaş iştirak edir və onlar birlikdə 950 kiloqram arıqlayaraq ümumilikdə təxminən 1 milyon yuan, yəni 238 000 manat qazanıb. "Insta360" rəhbərliyi bu çağırışın məqsədinin sağlam həyat tərzini təşviq etmək və iş mühitində pozitiv atmosfer yaratmaq olduğunu bildirib.
Bu cür kampaniyalar xaricdə maraqlı və “trend” xarakteri daşısa da, Azərbaycan kontekstində bu yanaşmanın nə dərəcədə uyğun və qəbulolunan olacağı sual doğurur. Çünki burada söhbət təkcə sağlamlıqdan yox, həm də sosial ədalət, əmək hüquqları və insanların şəxsi fiziki imkanlarına hörmət məsələsindən gedir. Məsələyə sosioloji və etik baxış tərzini qiymətləndirmək isə xüsusi önəm daşıyır.
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında deyib ki, bu kampaniya, doğrudan da, çox maraqlı və qeyri-adi bir təşəbbüsdür. Amma bu cür fərqli yanaşmanın məhz Çində həyata keçirilməsi açıq desək, təəccüblü deyil:
“Dünyanın ən güclü iqtisadiyyatlarından birinə sahib olan bu ölkə, texnologiyada və korporativ idarəçilikdə tez-tez yeni və səs-küylü addımlarla çıxış edir. Onların belə eksperimental layihələrə meyilli olması təbiidir. Ancaq bu çağırışın məqsədi, məncə, yalnız sağlam həyat tərzini təşviq etmək və ya iş mühitində pozitiv atmosfer yaratmaq deyil.
Əslində, burada sosial platformalarda görünmək, şirkətin adını gündəmə gətirmək və istehsal etdikləri məhsulu dolayısı ilə reklam etmək məqsədi də çox açıq şəkildə hiss olunur. Bu, bir növ PR kampaniyasının tərkib hissəsidir. Yəni işçilərin arıqlama uğrunda mübarizəsi, əslində, şirkətin imicinə xidmət edən bir şouya çevrilir.
Təbii ki, arıqlayan işçilərin mükafatlandırılması pozitiv və motivasiyaedici bir detal ola bilər. İnsanlara sağlam həyat tərzinə keçid üçün stimul vermək birmənalı şəkildə yaxşı haldır. Ancaq bunun tərs tərəfi – çəki alan əməkdaşların cərimələnməsi – artıq insan haqlarına toxunan, hətta sosial ədalətə zidd olan bir yanaşmadır. Təsəvvür edin, bir insan çalışdığı şirkətdə yalnız bir neçə kilo çəki aldığı üçün maaşından kəsinti ilə qarşılaşır. Bu, sadəcə onun fiziki durumuna deyil, ailəsinin rifahına, uşaqlarının təhsilinə, sağlamlıq xərclərinə birbaşa mənfi təsir edir.
Azərbaycanda yaşayan bir vətəndaş kimi deyə bilərəm ki, bizdə hər kəs aylıq maaşını dəqiqliklə planlaşdırır. Kiminsə maaşından çəkisinə görə kəsinti edilməsi bizim cəmiyyətin sosial və iqtisadi reallıqlarına ziddir. Bu, ciddi narazılıqlara səbəb olar. Bizim şəraitdə belə bir təşəbbüs motivasiya yox, açıq sosial təzyiq kimi qəbul edilər. İnsanların öz bədənlərinə görə dəyərləndirilməsi mobbinqin, psixoloji təzyiqin bir formasıdır”.
Sosioloqun fikrincə, çəki məsələsi sadəcə şəxsi seçimlərlə məhdudlaşmır. Xroniki xəstəliklərdən əziyyət çəkən, hormonal pozuntuları olan və ya psixoloji travmalarla yaşayan insanlar var ki, istəsələr belə arıqlaya bilmirlər:
“Onların belə kampaniyalara məcburi şəkildə daxil edilməsi və ya nəticə göstərmədikləri üçün cəzalandırılması, tamamilə qeyri-insani və ayrı-seçkilik doğuran bir addımdır.
Baxmayaraq ki, sosial şəbəkələrdə bu təşəbbüs “trend” kimi maraqla qarşılanır, arxasında duran gerçək suallar çox dərindir. İnsanların sağlamlığı, psixoloji rifahı və sosial hüquqları bu cür kampaniyaların kölgəsində qalmamalıdır. Bu, əslində, kapitalizmin “daha çox performans, daha az fərdi xüsusiyyət” prinsipinin bir təzahürüdür – insanı bir növ məhsula çevirən və onun dəyərini yalnız fiziki göstəricilərlə ölçən sistemin eybəcərliyidir”.