Hər dəfə deyilir, xeyri yoxdur: Vətəndaşdan xəbərsiz pul tutulur

Rauf Qarayev: “Bank xidmətlərində şəffaflıq çatışmır, vətəndaş hüquqları qorunmalıdır”

Kredit kartlarından pul çıxmalar vətəndaşlarda narazılıq yaradır. Sosial şəbəkədə məlumat paylaşan İnfoqram.az saytının baş redaktoru, Eminquey Akif adıyla tanıdığımız yazıçı Əlizadə Emin feysbuk hesabında bu barədə yazıb: “Yoldaşımın kredit kartından işsizlik üçün sığorta pulu çıxdılar. 10 manat. 1 manat da kibertəhlükəsizlik vergisi”. Yazıçı həyat yoldaşının hazırda heç bir yerdə işləmədiyini xatırladıb. İşsizliyə görə işsiz şəxsdən vergi tutulması təəccüb doğurub və sosial şəbəkə istifadəçiləri baş vermiş hadisəyə aydınlıq gətirməyə çalışsalar da, bir nəticə hasil olmayıb.    

İqtisadçı Rauf Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, vətəndaşların kartlarından vəsaitin çıxılmasının yalnız razılıq əsasında ola biləcəyi hər dəfə bildirilir, lakin yenə də vətəndaşdan xəbərsiz pultutmaların baş verdiyinə şahid oluruq: 

- Bank hər hansı komissiya məbləği, yaxud sığorta və ya xidmət haqqı tutursa, bununla bağlı vətəndaşa bildiriş göndərməlidir. Bankdan kredit kartı alan şəxslə bank arasında bağlanmış müqavilədə qeyd olunubsa ki nəyəsə görə komissiya tutulacaq, hətta bu halda da vətəndaşa əvvəlcədən xəbərdarlıq bildirişi gəlməlidir. Müqavilələrdə qeyd olunur, nəyə görə komissiya haqqı tutulacaq. Amma yenə də kartdan vəsait çıxılmadan öncə bildiriş olmalıdır. 

İqtisadçı qeyd etdi ki, məcburi ödənişlər başqadır. Bura gəlir vergisi, işsizlik sığortası, icbari tibbi sığorta ödənişləri daxildir: 

- Bu ödənişlər məcburi olduğu üçün əməkhaqqından bu məbləğlər avtomatik çıxılır. Əgər vətəndaşdan işsizliyə görə sığorta haqqı çıxılıbsa, araşdırmaq lazımdır o, harda işləyib, məbləğin tutulmasıyla bağlı məhkəmə qərarı varmı? Əmək Məcəlləsinin normaları var ki, vəsaitlər hansı miqdarda tutula bilər. İşçinin vergi borcu yarandıqda vəsaitin 30 gün müddətində tutulması həyata keçirilir. Məsələn, geri ödəniş ola bilər. Amma 30 gün müddəti keçibsə, vəsait məhkəmə qərarı olmadan tutula bilməz. Tutulmalar ancaq məhkəmə qərarı olduqda edilə bilər. Belə hallar olur bəzən, işçinin şirkətə, işəgötürənə zərər vurduğu aydınlaşır, bu halda yenə də Əmək Məcəlləsində təsbit olunmuş normalara görə vəsait tutulur. Əgər bu vəsait tutulubsa, vəsaitin təkrar tutulması yalnız məhkəmə qərarı ilə mümkündür.  Sözügedən hadisədə aydın deyil, vətəndaş işləyib, işləməyib, bankla müqavilə varmı aralarında, bəlkə, müqavilədə işsizlik sığortasının tutulmasına dair bənd var, vətəndaş xəbərsizdir. Amma müqaviləyə imza atıb.  

R.Qarayev qeyd etdi ki, "Əmək Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, işəgötürən avansın qaytarılması və ya səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun verilməsi halında, bu məbləği əməkhaqqından bir ay müddətində tuta bilər. Ola bilər ki, vətəndaşın kredit kartından vəsaitin çıxılması kreditin sığortalanması xidmətidir. Bu da vətəndaşla bank arasında bağlanan müqaviləyə əsasən olur. Banklar adətən gəlir əldə etmək üçün vətəndaşlara müxtəlif xidmətlər təklif edir, müqaviləni imzalayan şəxs bəzən fərqinə varmır bunun, amma bir müddət sonra vəsaitin çıxıldığını görür və təəccüblənir. Qanunla vətəndaş təklif olunan xidmətlərdən imtina etmək hüququna malikdir. Sadəcə, vətəndaşlar bunları bilmir deyə, bankın şərtləri ilə razı olur, təki kredit kartı alsın. Sonra da belə anlaşılmazlıq və narazılıqlar üzə çıxır. Bu cür hadisələr onu göstərir ki, bank sektorunda əsaslı islahatlara ehtiyac var.