Sosioloq xəbərdarlıq edir ki, bu sistem dəyişməsə, toy mədəniyyəti tam məhv olacaq
Toylar Milli Məclisin müzakirəsinə də çıxdı. Təsəvvür etmək çətin deyil, o səbəbdən ki, ölkə əhalisinin 99.99 faizi toy məclislərinin necə, hansı formatda, hansı məzmun və dəbdəbədə keçirildiyindən xəbərdardır. Xoşu gələn də toya gedir, iştirak edir, xoşu gəlməyib, lakin məcburiyyət bilərək, “borc”unu ödəmək üçün də gedirlər. Toylarımız, eləcə də yas mərasimlərimiz o dərəcədə əndazədən çıxıb ki, artıq Milli Məclis səviyyəsində müzakirə olunur, hətta qayda-qanun tətbiqi təklif edilir. Millət vəkili Aqil Abbas isə deyib ki, yas və toylarla bağlı nə qədər fərman çıxarsaq da, toy həmin toy olacaq: “İstəyirsən özümüzü öldürək, istəyirsən qadağa qoyaq. Heç bir şeyə qadağa qoymaq mümkün deyil". “Mən də istəmərəm toylarda səs-küy olsun. Ona görə toya gedəndə musiqi çalınanda çıxıb foyedə otururam", - deyə deputat bildirib. Spiker Sahibə Qafarova isə söyləyib ki, insanları toy mədəniyyəti ilə bağlı maarifləndirmək lazımdır. Qeyd edək ki, deputat Razi Nurullayev da çıxışı zamanı toylardakı israfçılıqdan danışıb və toyların beynəlxalq standartlara uyğunlaşdırılmalı olduğunu deyib.
Sosioloq Yusif Nəbiyev Sherg.az-a açıqlamasında qeyd etdi ki, iradlarla hər kəs razıdır. Toy sahibi olmuş və ya toyda iştirak etmiş hər bir kəs həm israfçılığa, həm də musiqinin həddindən artıq yüksək səslənməsinə şahiddir və bundan narazıdır:

- Hesab edirəm ki, bunu müəyyən qadağalarla aradan qaldırmaq olar. Toy bir biznesdir və biznes azaddır. Sahibkar istədiyi formada xidmət göstərə bilər. Amma burada leqal və qeyri-leqal tələblər, qarşı tərəfin istəyinin nəzərə alınması, istehlakçı hüquqlarına da hörmət olmalı və əməl edilməlidir. Şadlıq sarayı rəhbərliyi leqal olmayan tələblərini müştəriyə diktə etməməlidir. Toy sahibi menyunu sadələşdirmək istəyir, sahibkar razılaşmır ki bu, standart menyudur, heç nəyi çıxara bilməzlər. Hətta aldadıcı manevr də edirlər ki, menyudan nəyisə çıxartsanız da, həmin xərcdir, çıxartmasanız da. Bu, necə ola bilər axı? Sahibkar masaya düzüləcək yeməklərin ərzağını pulsuz alır məgər? Necə ola bilər ki, 5 salatdan 3-ü ləğv olunsun, amma bunun ödənişə aidiyyəti olmasın? Müştəri deyir, 5 çeşid yeməkdən 2-ni, 3-nü istəyirəm, sahibkar razı olmur. Musiqinin səsini azaltmağa da razı olmurlar ki, “biz toydan toy tuturuq, müştəri cəlb edirik”. Elə qaydalar tətbiq edilməlidir ki, müştəri istəyirsə, menyunu sadələşdirə bilsin, musiqinin həzin tonda səsləndirilməsini tələb edə bilsin, buna hüququ olsun. Sahibkarlıq subyektidir deyə vətəndaşların hüququ tapdanmamalıdır. Şadlıq evlərinə müəyyən tələblər olsa, məcburi tələblərin qoyulması qanunsuz hesab edilsə, müştərilər də istəklərini bildirə, öz şərtlərini diktə edə biləcək. Toylardakı israfçılıq, ifrata varmaq, həmçinin gur musiqi problemi də aradan qalxacaq. Necə deyərlər, elimizin toy kimi gözəl adəti var. Amma toyların keçirilmə forması gözəllikdən çoxdan çıxıb, ifratçılıq israfçılığa qarışıb, gözəllik də yersiz dəbdəbə, ehtişam içində itib-batıb. İnsanlarımız ağıryana – ağayana toy məclislərini niyə, nədən ifrat dəbdəbəyə, şan-şöhrət, var-dövlət yarışına çevirdi?
Sosioloq bildirdi ki, ümumilikdə ölkəmizdə toy sadəcə bir şadyanalıq məclisi yox, həm də sosial status və güc nümayişi kimi qəbul olunur. İnsanlar arasında bir yarış varmışcasına "kim daha yaxşı stol açdı", "kimin toyunda daha fərqli şeylər oldu" kimi məsələlərin mübarizəsi aparılır:
- İsraf və ifrata getməyimizdə bu "yarışın" da rolu danılmazdır. Amma düşünürəm ki, bu, toyun yox, sosial status savaşının nəticəsidir. Bunu insanlar təkcə toyda etmirlər. Onlar bunu adqoydu mərasimləri, “kiçik toy”, xına məclislərində də, yas məclislərində də, orta məktəbdən buraxılış məclisi, ali məktəbə daxil olmaq, əsgərgəldi, əsgər yolasaldı, üzəçıxdı, evgördü, qızgördü... və sair çoxsaylı bu kimi məclislərdə də bu şeylərə "imkan daxilində" çalışırlar. Amma sual budur: Niyə bu yarışma özünü daha çox toylarda hiss etdirir? Bax, bunun səbəbi toy məclislərinin ölkəmizdə böyük bir biznes halını alması və şadlıq saraylarının bu sistemi geninə-boluna istismar etməsidir. Sistem buna şərait yaradır. Əgər şadlıq saraylarına lazımi "qulaqburması" verilsə, onların məclis sahiblərində menyu, musiqi, çalğıçı kimi məsələlərdə öz şərtlərini diktə etmələrinə şərait yaradılmasa, bu status savaşı da kifayət qədər zəifləyəcək. Yenə də tam aradan qalxmayacaq, amma bu həddə də olmayacaq. Burada kor döngü var. İnsanlar daha cah-cəlallı toy istəyirlər. Şadlıq sarayları bundan istifadə edib öz şərtlərini diktə edə bilir. Bu şərtlər isə yenidən başqa insanları israfa, ifrata sövq edir. İnsanlar həm də düşünür ki, mənim oğlum, qızım heç kimdən əskik deyilsə, toyu niyə başqalarınkından sönük, "zəif" olmalıdır? Stolum niyə başqalarınkından kasad olmalıdır?!. Bu döngünü qırmaq üçün ilk növbədə restoran və şadlıq saraylarının şərt diktə etməsinin önünü birmənalı kəsmək lazımdır. Ondan sonra isə tədricən hər şey öz qaydasına düşəcək. Daha sadə, kiçik toy məclislərinin sayı çoxaldıqca bu status savaşının da tempi düşəcək. İnsanlar görəcək ki, sadə toy zəiflik, kasıblıq, zövqsüzlük demək deyil. Filan imkanlı şəxs də öz övladına çox sadə toy etdi. Filan tanınmış şəxsin toyu çox kiçik çevrə ilə qeyd olundu. Bu halda düşünürəm ki, hər şey öz normal axarına qayıdacaq.