- Rauf Qarayev: “Kəndlinin problemi həll olunmasa, regionlar boşalmağa davam edəcək”
Regionlarda işsizlik, kəndlinin təsərrüfatla məşğul olmaq imkanlarının məhdudluğu paytaxtda əhali sayını durmadan artırır. Regionlardakı problemi çözülməyincə istər metro stansiyalarının sayı 30-a, lap 40-a çatdırılsın, nə qədər metro vaqonları alınsın, paytaxtda yol-tunel və sair və ilaxır tikinti aparılsın, minlərlə yaşayış binası inşa edilsin, xeyri olmayacaq.
İnsanlar yaşayışlarını təmin etmək üçün şəhərə üz tutacaqlar. Kəndlinin problemini ona 5-6 quzu, inək verməklə, bayramlarda kənd təsərrüfatı yarmarkaları təşkil etməklə düzələsi deyil. Kəndlərimiz boşalmaqda davam edir. Döyülən qapılar çox, açılanlar isə getdikcə daha da azalır.
İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında problemə daha yaxından baxış təqdim etdi: 
- Gəlin vəziyyətə baxaq. Dağda yaşayan kəndli üçün gəlir yeri nə ola bilər? Heyvandarlıq. Baxaq, heyvandalığın vəziyyətinə. Azərbaycanda heyvandaqlığın inkişafı və onun genişləndirilməsi üçün ən ümdə olan məsələ qışlaq və yaylaqlardı. Amma baxaq yerdəki vəziyyətə. Kəndlinin heyvan otarması üçün yer varmı? Bu məsələ daim gündəmdədir və heyvanların saxlanması üçün münbit şərait çox azdır və getdikcə torpaqların müəyyən insanlar tərəfindən alınması və onun istifadə edilməməsi, bu, tək heyvandarlığa deyil, həm də kənd təsərrüfatının digər sahələrinin zəifləməsinə təsir edir. Bir sıra torpaq sahələri alınır, lakin istifadə olunmur, istifadəsiz qalır və sadəcə obyekt kimi alınıb qoyulur kənara. Baxmayaraq ki qanunda bununla bağlı qeydlər var. İkinci məsələ suvarılma ilə bağlıdır. Burda da kəndli, istəyir aranda istəyir dağlıq ərazidə yaşasın, daim problemlə qarşılaşır. Demək bu məsələ də həll olunmalıdır. Bununla bağlı mediada daim danışılıb, amma tam effekt yoxdur. Baxmayaraq ki, formal olsa da bununla bağlı işlər gedir. Digər problem yol infrastrukturu ilə bağldır. Kəndlinin becərdiyi məhsulunu bazara daşıması yol inkanları uyğun olmalıdır. Amma yollarda uçqunlar baş verirsə və düzəldilmirsə, kəndli şəhərə necə gələcək? Yol infrastrukturu keyfiyyətli olmaldır. Müəyyən kəndlərə yol çəkilir, amma keyfiyyət baxımından problemlər var. Digər məsələ kommunal xidmətlə bağlıdır. Çox ciddi problemlər var. Elektrik enerjisi baxımından dirəklər köhnədir, tez-tez işıqlar sönür, qaz təhcizatı zəifdir, internet çəklişi tam kəndləri əhatə etməyib, içməli su problemləri mövcuddur.
İqtisadçı bildirdi ki, əsas problemlərdən biri iş yerləri ilə bağlıdır:
- Biz xarici ölkələrin nümunəsinə baxanda görürük ki, kəndin özündə yığılan məhsul elə yerində mobil zavodlar tərəfindən qəbul olunur və yerindəcə konsrevləşdirilir. Bundan əlavə, bu, həm də yeni iş yerləridir. Amma bizdə bu məsələ ilə bağlı vəziyyət nə yerdədir və xaricdə olan təcrübəyə baxıb işlər aparılırmı? Xeyr. Kəndlinin məhsulu əlində qalır, sata bilmir. Deməli, qazanc əldə edə bilmir. Nəqliyyat məsələsinə gəlincə, yol keyfiyyətli olsa, o halda yeni marşurutlar da açılar. Bir işin yerinə yetirilməsi, zəncirvari digər işlərin hərəkətə gəlməsinə təsir edir. Kəndlinin məhsulun sığorta məsələsi nə yerdədir? Məhsulun sığortalanması və subsidiyalar nə yerdədir? Burda da ciddi işlər aparılmalıdır. Digər hal zərərvericilərə qarşı keyfiyyətli dərmanlar və torpağın kübrələnməsi məsələsidir ki, bu sahədə də ciddi problemlər mövcuddur. Hesab edirəm ki, sadalanan hər bir problem həllini tələb edir və bu məsələlərə ciddi yanaşılmalıdır. Korrupsiya isə bu sahədə də mövcuddur. Bunu da Hesablama Palatasının hesabatlarından görmək olar.