Uşaqları sosial mediada zərərli informasiyalardan qorumaq aktual məsələdir

Söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Valideyn və məktəb təkbaşına çarəsizdir

 

“Qanunvericilikdə müəyyən düzəlişlərin edilməsinə ehtiyac var, müəyyən ölçülərin götürülməsinin zamanı çatıb"

 

Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual məsələlərindən olub və xüsusi diqqət tələb edib. Bu baxımdan azyaşlılarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olduğunu tövsiyə edən kifayət qədər etik qaydalar formalaşıb. Buna baxmayaraq, uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar müşahidə edilməkdədir.

Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən azyaşlıların kimliyi, görüntüləri efirə verilir. Problemin digər tərəfi isə müasir dövrdə azyaşlıların internetə çıxışının çox asan olması, mövcud məhdudlaşdırıcı metodların effektiv nəticə verməməsidir. Məhz bu problemlərdən dolayı müvafiq qurumlar zaman-zaman bu mövzu ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir, brifinqlər təşkil edirlər.

Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda keçirilən brifinqdə məhz buna hesablanıb.

Qurumun Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov deyib ki, müəyyən yaş kateqoriyasına aid uşaqların zərərli informasiyadan qorunması ilk növbədə valideyn məsuliyyəti ilə bağlıdır və ailə mühitində uşaqlara təqdim olunan məlumatların tənzimlənməsi xüsusi əhəmiyyət daşıyır. Təəssüf ki, bəzi hallarda bu sahədə sui-istifadə hallarına rast gəlinir.

Onun sözlərinə görə, son illər uşaqların sosial şəbəkələrə, xüsusilə "TikTok" platformasına cəlb edilməsi və bu yolla maliyyə vəsaiti əldə olunması halları müşahidə olunur. Bu cür yanaşmalar uşaqların hüquqlarının pozulmasına səbəb olur və ciddi narahatlıq doğurur. O vurğulayıb ki, digər sosial şəbəkələrdə də uşaqların hüquqlarının pozulması faktları qeydə alınır.

Son 5 il ərzində bəzi media subyektləri tərəfindən uşaqların hüquqlarını pozan, zərərli informasiya xarakteri daşıyan materiallar yayımlanıb. Xüsusilə uşaq nikahları ilə bağlı mövzuların preventiv məqsəd daşımadan, təbliğat formasında təqdim edilməsi yolverilməz hesab olunur. Onun sözlərinə görə, bu kimi hallarla bağlı AQUPDK tərəfindən müvafiq dövlət qurumları, o cümlədən Audiovizual Şura, hüquq-mühafizə orqanları və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq həyata keçirilir.

Elgün Səfərov bildirib ki, sosial şəbəkələrdə uşaqların hüquqlarının pozulması halları aşkar edildikdə, hüquqi mexanizmlər dərhal işə salınır və preventiv tədbirlər görülür. Dövlət Komitəsinin bu sahədə əsas fəaliyyət istiqaməti maarifləndirmə və qabaqlayıcı tədbirlərin gücləndirilməsidir: “Azərbaycanda uşaq hüquqları ilə bağlı vahid Uşaq Məlumat Bankı yaradılıb və hazırda bu sistemin tam funksional fəaliyyəti istiqamətində işlər aparılır. Son iki il ərzində Uşaq Məlumat Bankı təkmilləşdirilib və gələcək mərhələdə 11-dən çox dövlət qurumunun, eləcə də 7 yerli icra hakimiyyəti orqanının məlumatları bu sistemə inteqrasiya olunacaq.

Komitə tərəfindən “Media və uşaq hüquqları” mövzusunda metodik vəsait hazırlanaraq media subyektlərinə, həmçinin Mətbuat Şurasına təqdim olunub. Bununla yanaşı, internet təhlükəsizliyi ilə bağlı digər maarifləndirici materialların da mövcud olduğu diqqətə çatdırılıb.

Uşaqların və valideynlərin maarifləndirilməsi istiqamətində ölkə üzrə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu tədbirlər regionlardan başlayaraq respublika səviyyəsində davam etdirilir və təhsil müəssisələrini, sosial şəbəkələri, eləcə də Dövlət Komitəsinin rəsmi “YouTube” kanalı və digər platformaları əhatə edir. Uşaqların maraqlarının qorunması əsas prioritetdir, kiberbullinq, intihara sövq etmə və digər hüquq pozuntuları ilə bağlı mövcud risklərə diqqət çəkilib. Bu sahədə mövcud çağırışları nəzərə alaraq, Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarına dair yeni Milli Fəaliyyət Planının layihəsi hazırlanıb. Sənəddə rəqəmsal mühitdə süni intellektin uşaqlara təsiri, onun həm müsbət, həm də mənfi tərəflərinin araşdırılması və innovativ yanaşmaların tətbiqi nəzərdə tutulur”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Seymur Məmmədli isə qeyd edib ki, “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək.

O qeyd edib ki, bununla əlaqəli beynəlxalq təcrübə əsasında dəyişiklik layihəsi hazırlanır: "Təklif olunan dəyişikliklərlə gələcəkdə uşaqlarla bağlı oyuncaq, geyim və əşyalar tənzimlənsin. Misal olaraq, küçədə görürük ki, paltarın üzərində cinayətkarlığın təbliği var. Bununla bağlı bir çox ölkələrdə yaxşı təcrübələr var".

Komitə nümayəndəsi bildirib ki, internetdə sərhədlərin olmaması zərərli informasiyaları da əlçatan edir: "Hər hansı bir məlumatla bağlı istənilən ölkənin dövlət qurumunun saytına daxil ola bilərik. Bunun üstün tərəfi ilə yanaşı, mənfi tərəfləri də var. Bu məsələdə ən çox uşaqlar əziyyət çəkir. Azərbaycanda uşaqların hüquqlarının qorunması ilə bağlı qanun var və orada bəzi zərərli məlumatların uşaqlar arasında yayılması və digər neqativ hallarla mübarizə məsələsi əksini tapıb".

Qurum rəsmisi xatırladıb ki, hansısa informasiya məhsulu istifadəyə buraxılmazdan əvvəl yaş kateqoriyasına uyğun təsnifatlaşdırılır: "Uşaqların zərərli informasiyaya məruz qalmasında əsas məsələlərdən biri də internet asılılığıdır. Ev işləri ilə məşğul olan qadınlar uşaqlara müxtəlif mobil tətbiqlərə girişə imkan yaradır. Bunun da mənfi tərəfləri özünü göstərir. Yekunda uşaqlar ünsiyyətdən çəkinirlər".

Audiovizual Şura Aparatının Hüquq və beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Ayxan Sadıqlı da bildirib ki, Azərbaycanda uşaqların zərərli informasiyadan qorunması sahəsində normativ-hüquqi baza formalaşdırılıb və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir: “Hələ 2000-ci illərin əvvəlindən etibarən uşaqların hüquqlarının müdafiəsi, o cümlədən onların zərərli informasiyadan qorunması məsələsi qanunvericilikdə əksini tapıb”.

Onun sözlərinə görə, bu sahədə əsas normativ sənədlər zamanla təkmilləşdirilərək yenidən işlənib və media subyektləri üçün konkret öhdəliklər müəyyən edilib:

“Audiovizual Şura tərəfindən media subyektləri ilə maarifləndirici fəaliyyət də aparılır. Audiovizual Şura, Media Agentliyi və Bakı Dövlət Universiteti arasında əməkdaşlıq çərçivəsində jurnalistika fakültəsinin tələbələri üçün mütəmadi maarifləndirici görüşlər keçirilir. Bu görüşlərdə gənc jurnalistlərə uşaqların zərərli informasiyadan qorunması, etik davranış qaydaları və media məsuliyyəti ilə bağlı praktiki biliklər verilir”.

Ayxan Sadıqlı vurğulayıb ki, “Media haqqında” Qanunda uşaqların zərərli informasiyadan qorunması ilə bağlı konkret müddəalar mövcuddur və bu tələblərin pozulması inzibati məsuliyyət yaradır. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri bu sahədə hüquqi mexanizmləri aydın şəkildə müəyyən edir.

O qeyd edib ki, 2024-cü il ərzində Audiovizual Şura tərəfindən uşaqların zərərli informasiyadan qorunması tələblərinin pozulması ilə bağlı iki inzibati protokol tərtib olunaraq müvafiq rayon məhkəmələrinə göndərilib və media subyektləri barəsində cərimə tədbirləri tətbiq edilib. 2025-ci ildə isə bu sahə üzrə bir inzibati protokol hazırlanaraq aidiyyəti məhkəməyə təqdim olunub.

Sadıqlı qeyd edib ki, aparılan monitorinqlər nəticəsində inzibati xəta tərkibi yaratmayan, lakin qanunvericiliyin tələblərinə zidd olan hallar da aşkarlanıb. Bu hallarla bağlı 2025-ci il ərzində 17 media subyektinə rəsmi xəbərdarlıq göndərilib, onlardan 10-na isə əlavə tövsiyələr verilib.

Baş məsləhətçinin sözlərinə görə, Audiovizual Şura bu sahədə əsas məqsəd kimi cəza tədbirlərindən daha çox preventiv və maarifləndirici yanaşmanı üstün tutur: “Uşaqların zərərli informasiyadan qorunması yalnız nəzarət və cəza mexanizmləri ilə deyil, media subyektlərinin məsuliyyətli davranışı və ictimai şüurun formalaşdırılması yolu ilə daha effektiv təmin edilə bilər”.

Uşaqların zərərli informasiyadan qorunmasının vacib məsələ olduğunu vurğulayan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli isə Sherg.az-a açıqlamasında bildirib ki, uşaqlar və informasiya məsələsi xüsusi həssaslıq tələb edən bir sahədir. O, jurnalistlərin etik kodeksində bu barədə xüsusi bəndlərin nəzərdə tutulmasının təsadüfi olmadığını deyib:

“Əlavə olaraq qanunvericilik də uşaqlarla bağlı informasiyalara xüsusi həssaslıqla yanaşmağı tələb edir. Onların zərərli informasiyaların təsirinə məruz qalmaması üçün isə əlahiddə qanun qəbul olunub. Həmin qanunda informasiya verilməsinin, xüsusilə yetkinlik yaşına çatmayan auditoriyanın zərərli informasiyalardan qorunması haqqında çox ciddi müddəalar mövcuddur. Çox təəssüf ki, peşəkar mediada bu məsələlər həssaslıqla yanaşılıb, nəzərə alınsa da, sosial media alətləri, sosial media platformaları üzərindən yayılan informasiyalarda bu məsələlər nəzərə alınmır. Uşaqlar kifayət qədər zərərli informasiyalar almış olurlar”.

Ekspert hesab edir ki, uşaqların zərərli informasiyadan qorunması haqqında qanunun müddəalarının sosial şəbəkələrə də tətbiq edilməsi ilə bağlı xüsusi bəndlərin artırılmasına zərurət var:

“Hazırda mövcud olan bu qanun yalnız peşəkar medianı əhatə etdiyi üçün sosial şəbəkələrdə bu sahədə neqativlər üzə çıxır. Düşünürəm ki, sosial şəbəkələrin yaydığı məzmunda da uşaqların bu cür zərərli informasiyalardan qorunması haqqında qanunvericilikdə müəyyən düzəlişlərin edilməsinə ehtiyac var. Bütün bunları təkcə məktəbin, valideynin üzərinə yıxmaq olmaz. Bizim həm peşəkar informasiya vasitələri, həm də yeni media alətləri, o cümlədən sosial şəbəkə platformaları bu sahədə kifayət qədər qayda, qanun pozuntularına yol verirlər və nəticədə bu cür neqativ amillər ortaya çıxmış olur. Bu səbəbdən də hesab edirəm ki, bununla bağlı müəyyən ölçülərin götürülməsinin zamanı çatıb".