
Vay qoca xəstələrin halına: Elektron tibbi xidmət yaşlılar üçün kabus olacaq
“Onlayn növbə sistemi əlverişli, amma hamıya uyğun deyil”
"Elektron növbə sistemi xidməti ilə bağlı artıq paytaxt və Abşeron ərazisində yerləşən 17 tibb müəssisəsində 33 növbə terminalı və 99 monitor, regionlarda isə 28 tibb müəssisəsində 51 növbə terminalı və 133 monitor quraşdırılıb". Bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib. O bildirib ki, xəstəxanalara müraciətlərin sayının artması ilə əlaqədar növbələr yaranır. Problemin aradan qaldırılması üçün müntəzəm işlər aparılır. Bu məqsədlə tibb müəssisələrinə növbə terminalları quraşdırılıb. İlin sonuna qədər bu sistemin ölkə üzrə əksər tibb müəssisələrində istifadəyə verilməsi planlaşdırılır. “Bundan başqa, son 5 il ərzində 95 tibb müəssisəsində Laboratoriya İdarəetmə Sistemi tətbiq edilmiş, bu müddət ərzində cəmi 110 milyon laborator xidmət, o cümlədən 90 milyon ambulator və 20 milyon stasionar xidmət qeydə alınıb. Vətəndaşlar artıq şəxsi kabinet və “e-TABIB” mobil tətbiqi vasitəsilə laborator nəticələrini onlayn əldə edə bilirlər", - V.Qurbanov əlavə edib. V.Qurbanov qeyd edib ki, ölkədə yeni tibb müəssisələri istifadəyə verilib. "Tibbi xidmətlərin əlçatanlığının artırılması ilə bağlı müvafiq tapşırıqlar icra olunur. Artıq tibbi xidmətlərin çeşidi də genişlənib. Əvvəllər dövlət tibb müəssisələrində ay ərzində icbari tibbi sığorta çərçivəsində 200-300 müraciət qeydə alınırdısa, indi bu rəqəm 2-3 min civarındadır", - o əlavə edib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin marketinq və tədbirlər şöbəsinin müdiri Pərvin Salahova isə qeyd edib ki, “e-Təbib” mobil tətbiqi vasitəsilə pasiyentlər həkimi və xidməti bu tətbiq vasitəsilə qiymətləndirə biləcək. Bu tətbiq Agentliyin rəqəmsal səhiyyə sahəsində həyata keçirdiyi ən mühüm layihələrdən biridir və hər il yeni funksiyalarla təkmilləşdirilir. "Bu il təqdim etdiyimiz yenilik ondan ibarətdir ki, vətəndaşlar artıq icbari tibbi sığorta çərçivəsində tibbi xidmət aldıqdan sonra həmin xidmətin keyfiyyətini qiymətləndirə biləcəklər. Yəni vətəndaş mobil tətbiq vasitəsilə aldığı xidmətin səviyyəsini, həkimin fəaliyyətini və tibbi müəssisənin işini dəyərləndirə biləcək",- o əlavə edib. P.Salahova qeyd edib ki, bu imkan Agentliyə vətəndaşların fikirlərini daha yaxından öyrənməyə və onların məmnunluğuna əsaslanaraq tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün konkret addımlar atmağa şərait yaradacaq.
Rəqəmlərdə hər şey əla görünür: filan sayda yeni terminallar, monitorlar, yeni müəüssisələr, elektron tətbiq, elektron növbə sistemi. Özünü az qala Avropada hiss edirsən. Amma hər hansı poliklinika şöbəsinə, xəstəxanaya, klinikaya gedəndə, ayılırsan ki, yox, dədə, bura Azərbaycan imiş. Pasiyentlərin həkimi, xidməti qiymətləndirməsi, e-növbə sistemi, monitorların sayı və sair və ilaxır, bunlar ümumilikdə səhiyyənin və səhiyyə xidmətinin inkişaf göstəricisi hesab edilə bilərmi? Yaşlı insanların e-növbə, e-təbib sistemindən başı çıxmır e. Ona həkimin qəbuluna düşmək lazımdır. Dərman ala biləcək, bilməyəcək, bu ayrı məsələ.
Pediatr Vaqif Qarayev Sherg.az-a açıqlamasında qeyd etdi ki, səhiyyədə xidmətlərin elektronlaşdırılmasını təqdir edir və bunu müsbət irəliləyiş hesab edir:

- İnsafən, deməliyik ki, elektronlaşdırma müsbətdir. Onlayn növbə əladır. Bir yenilik kimi mən bunu qəbul edirəm. Səhhətində hər hansı problem yaranmış insan bir var, poliklinikaya, xəstəxanaya getsin, orada saatlarla növbə gözləsin, bir də var elektron sistemə daxil olub, həkimin qəbul vaxtını, növbədə neçənci adam olduğunu, qəbula nə zaman gedə biləcəyini öyrənsin, adını qeydə aldırsın, sonra da həmin vaxt üçün evdən çıxıb rahat şəkildə həkim qəbuluna getsin. Bu, yaxşıdır. Heç nə etməməkdənsə, nəsə etmək yaxşıdır. Amma bəli, məsələnin digər tərəfi yaşlı, hətta orta yaşlı insanların da bu elektron tətbiqdən yararlana bilməməsidir. Yaşlı insan müasir texnologiyanı bilmir, onun öyrənən vaxtı da deyil. Bəlkə, heç yadında da qalmayacaq, necə edirlər bunu. Gərək kimsə onun əvəzinə bu işi görsün. Elə bilirsiz, bütün yaşlıların yanında övladları, nəvələri var? Ya qonşu edəcək bunu? İndi də görürük pensiyalar ödənilən vaxt bankomatların qarşısında qoca, yaşlı insanlar necə əziyyət çəkir, növbədə dayananlardan xahiş edirlər pulu çıxarmaq üçün. Poliklinikalarda, xəstəxanalarda növbədə dayananlar da əsasən yaşlı insanlardır. Deyəndə çoxlarının xoşuna gəlmir, amma həqiqət budur, yaşlı insanların 90 faizi xəstədir. Onlayn növbə sistemi, e-tətbiq, əladır. Amma insanlar bunlardan istifadə edə bilirmi, edə biləcəklərmi? Pasiyentin marağında olacaqmı, həkimin qəbulundan çıxandan sonra e-tətbiq sisteminə daxil olub, razı, narazı qaldığını bildirmək? Mən qəbul edirəm yenilikləri, lazımdır bunlar. Amma adi, sıravi vətəndaşa keyfiyyətli tibb xidməti lazımdır, monitor, terminal yox. Yaşlı insan bunlardan istifadə edə bilməyəcək, məcbur olacaq, bankomat qarşısında xahiş etdiyi kimi, poliklinikada da kimdənsə xahiş etsin ki, onun üçün növbə götürsün, həkimin qəbuluna yazsın. Sistemi modernləşdirmək onu vətəndaş üçün çətinləşdirməkdən keçməməlidir. İnsanlar gedir poliklinikaya, sahə həkiminin qəbulu üçün elektron qaydada növbə götürür, gedir sahə həkiminin qəbuluna, həkim onu göndərir, məsələn, KT-yə, UZİ-yə. Bu adam təkrar gedir yenidən növbə götürmək üçün yenə növbəyə dayanır, ondan sonra bir başqasına. Beləcə günü növbədə keçir adamın. Eləsi var, bezir, çıxıb gedir, həkim qəbuluna düşmədən. Əgər vətəndaş elektron qeydiyyatdan keçibsə, onu təkrar qeydiyyata almaq nəyə lazımdır? Sistemdə adı var artıq onun. Sistemdə yönləndirsinlər digər həkimə. İnsanlar inciməsin, bezməsinlər. Bu məsələlərdə təkmilləşmə aparılmalıdır.
V.Qarayev həkimlərin də nəzərə alınmasını vacib sayır:
- Müəyyənləşməlidir ki, bir həkim öz iş saatı ərzində neçə pasiyent qəbul edə bilər, neçə pasiyent qəbul edəcək. Həkimin başı şişir e!.. Həkim də insandı, yorula bilər. Bəzən pasiyent israr edir, yox, mütləq o həkimin qəbuluna düşməlidir. Nəzərə almırlar ki, iş saatı, qəbul saatı bitib həkimin. Ödənişsiz xidmət yaxşıdır. Amma monitorinq, audit aparsınlar ki, ödənişsiz xidmətin keyfiyyətindən razıdırmı insanlar?
Məlahət Rzayeva