Əğyar mizrabı...

Bəzə həyatımızda elə adamlar olur ki, qəfil ürəyimizə girir. Necə olduğunu bilmirik. Bir də baxırıq ki, ən doğmamız, ən əzizimizdir. İnanırıq, güvənirik, qərarlarını dəstəkləyirik.

Hər nə qədər çətin xarakterdə adam olsaq da, onunla ünsiyyətdə bu "çətinliyin" bircə komponenti də hiss olunmur. Çünki etibarı, etimadı özü qazanıb. Uzun müddət düşünürük ki, daha bu ünsiyyət qırılmaz, kimsə münasibətin hazırkı səviyyədə inkişafına mane olmaz.

Günün birində isə hər şey dəyişir. Həmin adamın yanlış qərarlar verdiyini düşünürsən. Bunu özünə bildirmirsən. Həm də bildirsən guya nə olacaq ki?

...Çox keçmir ki, özünə qarşı hörmətsizlik görürsən. Düşünürsən ki, əvvəl olsa bunu etməzdi. Bəlkə də, onun sadəcə o qədər də böyük əhəmiyyətli olmayan vədinin üstündə durmamasında böyüdüləsi nə isə yoxdur. Guya hamımız sözümüzü tuturuq?

Amma məsələ bu deyil...

...Bu günlərdə qarşıma bir video çıxdı. Yaxından tanıdığım, təcrübəsinə və biliyinə bələd olduğum psixoloq psixoanalizin banisi Ziqmund Freyddən sitat gətirdi: "Əgər sən bir adamı hər dəfə bağışlayırsansa, deməli, o, sənin üçün bitib. Əksinə, inciyirsənsə, deməli, dəyər verirsən və ürəyində istək var".

Bu fikirlər bir az düşünməli oldum. Deyəsən, Freyd haqlıdır...

Bəzən hətta özümüzə etiraf etməkdən çəkinsək də başa düşürük ki, ən çox incidiyimiz adam əslində elə ən çox istədiyimiz, bəzən də hamıdan qorumağa çalışdığımızdır. Qərarlarına müdaxilə edə bilmədiyimizə, ya da buna cəsarətimiz çatmadığı üçün uzaqlaşmağı seçirik. Əlimizdən heç nə gəlmədiyi üçün ayağımıza güc veririk. Məntiqsiz görünsə də reallıqdır.

Beləcə özümüzü ovudur, aldadırıq...Qarşı tərəf bəzən nəyinsə yolunda getmədiyini anlayır, bəzən də yox. Bir də baxırsan ki, nə sən həmin adamsan, nə o. Nə özünü tanıya bilirsən, nə onu...

Kənan Novruzov