Yarmarkalar həm iqtisadi, həm də reklam fürsəti yaradır - İqtisadçı

Rauf Qarayev: Azad olunmuş ərazilərdə yarmarkalar təkcə satış üçün deyil, əlaqə üçün də vacibdir

“Kənddən şəhərə” yarmarkalarının təşkilində bu il maraqlı dəyişiklik edilib. Paytaxtda, digər şəhərlərdə keçirilməsinə adət etdiyimiz yarmarkalar bu il kəndlərdə də təşkil olunur. Daha bu “Kənddən şəhərə” yox, “Kənddən kəndə” yarmarkaları adlanmalıdır.  

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə əlaqədar 12 məntəqədə “Kənddən Şəhərə” Novruz yarmarkası təşkil olunacaq. Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir. Ənənəvi qaydada yarmarkalar Bakının Nərimanov rayonu, “Gənclik” metrostansiyasının qarşısı, Əhmədli, Neftçilər, Nəriman Nərimanov, Azadlıq prospekti və Elmlər Akademiyası metrostansiyalarının çıxış hissələrində, eyni zamanda, regionlarda- Sumqayıt şəhəri (Kimyaçı mədəniyyət sarayının qarşısı), Xankəndi şəhəri (Tələbə şəhərciyinin yanı), Ağdaş şəhəri Heydər Əliyev prospekti 541 və Abşeron rayonunun Mehdiabad qəsəbəsində “Qarant” yaşayış kompleksi ərazisində Novruz bayramı yarmarkaları fəaliyyət göstərəcək. Maraqlı olan budur ki, Cəbrayıl rayonunun Horovlu kəndində, Zəngilan rayonunun Ağalı kəndində də kənd təsərrüfatə məhsullarından ibarət səyyar yarmarkalar təşkil olunub. Sual doğuran da budur. Ola bilsin səyyar yarmarkalar işğaldan azad edilmiş ərazilərdə məskunlaşma yeni başladığından, əhalinin kənd təsərrüfatı məhsullarına əlçatanlığını təmin etmək üçün təşkil edilir. 

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, yarmarkaların təşkili rayonlarda da olur. Əsas məqsəd kənd təsərrüfatı istehsalçının müştəri ilə əlaqələndirməkdir: 

- Yəni burda müştərinin birbaşa istehsalçıdan mal alması əsas götürülür. Qiymətə gəldikdə, istehsalçı özü satış etdiyi üçün, əlavə xərclər, logistik xərclər ola bilər. Qiymət də bazardan fərqli olmalıdır. Amma bəzən fərqli olmaya da bilər. Qaldı ki, bunun işğaldan azad olunmuş yerlərdə təşkili bu qeyd etdiyim ki, tək əhalinin az olması, marketlərin olmaması, qiymətlərin baha olması ilə deyil, bu həm də həmin yerlərdə yaşayan və kənd təsərrüfatı ilə məşğul olan şəxslərin bir-biri ilə əlaqələndirilməsi məqsədi də daşıya bilər. Misal üçün mənim meyvə bağım var və meyvəçiliklə məşğulam, bazara meyvə çıxarıb, ondan qazandığım pula digər kənd təsərrüfatı malları almaq istəyirəm. Bu halda yarmarkalar bu fürsəti yaradır. Tikintidə işləyən şəxslər var və onlar üçün də bu cür səyyar yarmarkalar əhəmiyyətlidir. Üstəlik, azad olunmuş ərazilərin reklamı baxımından da önəmli ola bilər. Bildiyiniz kimi, həmin zonalara xüsusi diqqət ayrılır və dünya tərəfindən də bizim gördüyümüz işlər izlənilir. Bu baxımdan da yarmarkaların təşkili bunun üçün də əhəmiyyət kəsb edə bilər.