
1969-cu il 14 iyul tarixi dönüş nöqtəsidir
Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu
Ulu Öndərin uzaqgörən siyasəti müstəqil Azərbaycanın təməlini qoydu
Tarix yaradan
Heydər Əliyev yolu 1969-cu ilin iyulundan başlayır
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Lider Heydər Əliyev şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur.
Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaradıb ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır. Hər zaman Azərbaycan xalqının mənafeyini düşünən Heydər Əliyev azərbaycanlı olması ilə fəxr edirdi. Onun "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" müdrik kəlamı dillər əzbəri olub, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilib.
Ümummilli Liderimizin 1969-1982-ci illərdəki əvəzsiz xidmətlərinə nəzər salanda bir daha aydın olur ki, Heydər Əliyev hələ o dövrdə respublikaya rəhbərlik etdiyi vaxtlarda ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin edib, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atıb. Ulu Öndər 1969-cu ilin 14 iyul tarixində birinci dəfə siyasi hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni sahədə tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi dövrü yaşanmışdı. Ümummilli Liderin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəliş və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri respublikamızın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir.
Hüquqi dövlət quruculuğunun Azərbaycan modelini yaratmış Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu məhkəmə-hüquq islahatları bu gün də uğurla davam edir. Həyata keçirilən hüquqi dövlət quruculuğu prosesi, genişmiqyaslı məhkəmə-hüquq islahatları ədalətli cəmiyyətin, demokratik hüquqi dövlətin qurulmasına yönəlib.
Millət vəkili Ceyhun Məmmədov da Sherg.az-a açıqlamasında qeyd edib ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir tarixində taleyüklü dönüş nöqtəsi, tərəqqi və intibahla səciyyələnən yeni dövrün başlanğıcıdır. Həmin gün Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əlirza oğlu Əliyev respublikanın ali siyasi rəhbəri – Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə seçilib:

“Bu təyinat formal kadr dəyişikliyi olmayıb, o dövrdə dərin sosial-iqtisadi çətinliklərə baxmayaraq, böyük potensiala və zəngin imkanlara malik olan Azərbaycanın durğunluqdan çıxarılaraq hərtərəfli inkişaf yoluna istiqamətləndirilməsi ilə nəticələnən strateji islahatların başlanğıcı olub. Bu hadisənin tarixi köklərini və əhəmiyyətini tam dərk etmək üçün 1960-cı illərin sonlarında Azərbaycan SSR-də mövcud olan mürəkkəb ictimai-siyasi və iqtisadi mühiti dərindən bilmək vacibdir. Tarixin həmin məqamında respublika, sözün əsl mənasında, dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. İqtisadiyyatın demək olar ki, bütün sahələrində, xüsusən də ənənəvi aparıcı sahə hesab olunan neft sənayesində və aqrar sektorda mənfi meyillər hökm sürürdü. Milli gəlirin həcminə, sənaye və kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminə, əmək məhsuldarlığının artım sürətinə görə Azərbaycan Sovet İttifaqının digər respublikaları arasında geridə qalanlardan idi. Belə mürəkkəb tarixi şəraitdə respublikanı düşdüyü ağır vəziyyətdən çıxarmaq, xalq təsərrüfatında köklü islahatlar aparmaq və cəmiyyəti mənəvi cəhətdən sağlamlaşdırmaq qabiliyyətinə sahib qətiyyətli, güclü iradəyə və dərin zəkaya malik liderin hakimiyyətə gəlməsi obyektiv zərurətə çevrilmişdi. Bu tarixi zərurət, Heydər Əliyev kimi şəxsiyyətin respublika rəhbərliyinə gəlişini şərtləndirən əsas amil oldu.
1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu işinə başladı. Plenumda təşkilati məsələyə baxılaraq Vəli Axundov tutduğu vəzifədən azad edildi və plenum iştirakçılarının yekdil qərarı ilə Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi. Seçimin bu cür olması Azərbaycanın gələcək onilliklər üçün inkişaf vektorunu müəyyən edən tarixi qərar idi. Müstəqilliyimizin memarının hakimiyyətə gəlişi cəmiyyətdə böyük ümidlər yaratdı, insanlar onun qətiyyətində, iradəsində və idarəçilik bacarığında tənəzzüldən qurtuluş yolunu görürdülər. Heydər Əliyev etimadı doğrultmaq üçün dərhal fəaliyyətə başladı. Onun rəhbərliyi ilə respublika həyatında köklü islahatlar, genişmiqyaslı quruculuq və milli intibah dövrü başladı”.
Millət vəkili qeyd edib ki, Heydər Əliyevin 1969-1982-ci illərdəki fəaliyyətinin ən fundamental istiqamətlərindən biri də milli ruhun oyanışına, milli özünüdərkin formalaşmasına yönəlmiş siyasəti idi:
“Sovet ideologiyasının sərt çərçivələrinə və məhdudiyyətlərinə baxmayaraq, əbədi lider Azərbaycan xalqının milli maraqlarını, dilini, mədəniyyətini və tarixini qətiyyətlə qoruyur və təbliğ edirdi. Bu siyasətin zirvəsi 1978-ci ildə qəbul olunan Azərbaycan SSR-in yeni Konstitusiyası oldu. Ulu Öndərin sarsılmaz iradəsi və prinsipial mövqeyi sayəsində Moskvanın ciddi təzyiqlərinə rəğmən, Konstitusiyanın 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Bu, o dövr üçün qəhrəmanlığa bərabər addım idi və gələcək müstəqilliyimizin hüquqi və mənəvi təməllərindən birini yaratdı. Eyni dərəcədə digər mühüm xidməti isə müstəqil Azərbaycanın gələcəyi üçün yüksəkixtisaslı milli kadr potensialının yaradılması idi. Onun təşəbbüsü və birbaşa himayəsi ilə hər il yüzlərlə azərbaycanlı gənc SSRİ-nin ən qabaqcıl ali məktəblərinə, o cümlədən hərbi akademiyalara təhsil almağa göndərilirdi. Bu uzaqgörən siyasət nəticəsində müxtəlif sahələr üzrə peşəkar nəsil formalaşdı ki, onlar da sonradan müstəqil Azərbaycan dövlətinin qurulmasında və idarə olunmasında həlledici rol oynadılar. 1969-cu il 14 iyulda Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişi respublikanın tarixində həqiqətən də dönüş nöqtəsi oldu. Görkəmli siyasi liderin rəhbərliyi ilə keçən on üç il ərzində Azərbaycan tənəzzül və durğunluqdan xilas olaraq Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevrildi. Bu illərdə yaradılan güclü iqtisadi, elmi-texniki, mədəni və kadr potensialı, xalqda oyadılan milli mənlik şüuru və özünəinam hissi sonrakı onilliklərdə, xüsusən də XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi və onu qoruyub saxlaması üçün möhkəm zəmin yaratdı. Bu tarix, bir liderin xalqının taleyində oynaya biləcəyi müstəsna rolun, uzaqgörən siyasətin və fədakar əməyin milləti necə yüksəlişə apara biləcəyinin canlı və əbədi nümunəsidir”.